Sionist rejim fələstinliləri Qüdsdən qovmaq üçün qanun çıxardı

Sionist rejim fələstinliləri Qüdsdən qovmaq üçün qanun çıxardı

-- Knessetə çıxarılan qanun layihəsi üçüncü dəfə səsverməyə çıxarılaraq təsdiqlənib

Sionist İsrail rejim məclisi (Knesset) Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verib. Qəbul edilmiş qanunda bildirilir ki, "terror təşkilatları" kimi qiymətləndirilən qruplarla əlaqəsi olduğu sübut edilən Qüdslü fələstinlilərin qeydiyyatı ləğv ediləcək və onlar bölgədən çıxarılacaq.
 
Maide.Az "faktxəbər"-ə istinadən məlumat verir ki, Knessetə çıxarılan qanun layihəsi üçüncü dəfə səsverməyə çıxarılaraq təsdiqlənib.
 
İsrail rejiminin dəstəyi ilə Likud Partiyasından olan millət vəkili Əmir Ohana tərəfindən Knessetə təqdim olunan qanun layihəsinə dair səsvermədə 48 deputatın lehinə, 18 deputatın əleyhinə, 6 millət vəkilinin də bitərəf qaldığı bildirilir.
 
İsrail rejiminin Daxili İşlər Nazirliyi Fələstindəki 2006-cı il seçkilərini Həmasın qazanmasından sonra Qüdsdən millət vəkili olaraq Fələstin Parlamentinə seçilən Məhəmməd Əbu Teiri, Əhməd Attunu və Məhəmməd Tutah ilə keçmiş Qüds naziri Xalid Əbu Arafehi şəxsiyyət vəsiqələrini ləğv etməklə təhdid etmişdi.
 
Qeyd edək ki, ötən il 107 fələstinlinin Qüdsdə yaşayış hüququ əlindən alınıb. İsrailin Qüdsü işğal etdiyi 1967-ci ildən bəri şəhərdə yaşamaq hüquqları əlindən alınan fələstinlilərin sayı isə 14 min 309 nəfərə çatıb.
 
İsrail işğal altında saxladığı Şərqi Qüdsdə yaşayan fələstinlilərin yaşamaq hüquqlarını müxtəlif bəhanələrlə ləğv edərək onları İordan çayının qərb sahilinə köçməyə məcbur edir.
 
İşğal altındakı Şərqi Qüdsdə yaşayan fələstinlilər şəhərdəki ümumi əhalinin 1/3-ni təşkil edir.
 

Google+ WhatsApp ok.ru