Siqaret yasağında yeniliklər

Siqaret yasağında yeniliklər

 Azərbaycanda siqaret yasağı sərtləşir.
 
Parlamentin 1 oktyabr iclasında İnzibati Xətalar Məcəlləsinə bu yöndə dəyişikliklər edilib.
 
Novator.az bildirir ki, məcəlləyə əlavə olunan yeni maddəyə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi 100 manat məbləğində cəriməyə gətirir.
 
Başqa bir yeniliyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə tətbiq olunur.
 
Qadağan edilmiş yerlərdə tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir.
 
“Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklikdə isə bildirilir ki, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.
 
Bu ildən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvədədir. Qanunda tütün çəkilməsinə icazə verilməyən yerlər belə sadalanır:
 
– təhsil və tərbiyə müəssisələri, habelə onların əraziləri;
 
– səhiyyə və tibbi-reabilitasiya müəssisələri, habelə onların əraziləri;
 
– sanatoriya-kurort müəssisələri və onların əraziləri (açıq məkanlar istisna olmaqla);
 
– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər, habelə xüsusi ayrılmış yerlər istisna olmaqla onların əraziləri;
 
– restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
 
– ticarət obyektləri;
 
– məişət obyektləri;
 
– sosial xidmət müəssisələri;
 
– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər);
 
– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
 
– uşaq meydançaları;
 
– yerüstü qapalı və yeraltı piyada keçidləri;
 
– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri;
 
– metropoliten stansiyalarının vestibülləri, keçidlər, platformalar və vaqonlar;
 
– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
 
– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalar) və avtobusların dayanacaq məntəqələri;
 
– liftlər və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri;
 
– taksofonlar;
 
– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələri;
 
– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlar, iş yerləri (xüsusi ayrılmış yerlər istisna olmaqla).
 

Google+ WhatsApp ok.ru