Siyəzəndə dindarların həbs edildiyi deyilir

Siyəzən rayonunda gərginlik davam edir. Yanvarın 14-də gecə saatlarında xeyli sayda siyəzənli evindən çıxarılaraq polis şöbəsinə aparılıb. Şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, saxlanılanların əksəriyyətinin hara aparıldığı barədə məlumat yoxdur:
 
“Hazırda Siyəzənin bütün istiqamətində yollar bağlıdır, postlar qurulub. Ancaq siyəzənlilər buraxılır. Ciddi yoxlama aparılır. Bu gecə evindən aparılanların harada olduğunu heç kim bilmir. Siyəzən Polis Şöbəsinə, eləcə də Sumqayıta aparıldığı deyilir. Yaxınları saxlanılmış bir qrup Siyəzən vətəndaşı İcra Hakimiyyətinin yanında yeni tikilmiş uşaq bağçasının hasarını dağıdıb. Çevik Polis Alayı gələnə qədər qaçıblar, o qrupdan heç kim tutulmayıb”.
 
Aksiya iştirakçılarından birinin verdiyi məlumata görə, Siyəzəndəki narazılığın adını dinlə, məzhəblə bağlamaq üçün hazırda dindarlar həbs edilir: “Deyə bilmirlər axı xalq aclığa, bahalığa etiraz edir. Ona görə də dinlə bağlamağa çalışırlar. Nardaranı şiələrə bağladıqları kimi, buranı da vəhhabilərə bağlayırlar. Bütün namaz qılan adamları bu gecə evdən götürüb aparıblar. Əsasən də dini təhsil almışları. Halbuki həmin aksiyada “qul bazarı”nda olanlar etiraz etmişdi. Onların arasında heç dindar yox idi. Nə icra başçısı, nə də rayondan deputat seçilmiş Tahir Süleymanov rayon camaatının qarşısına çıxmır”. 
 
Hazırda Siyəzəndə olan jurnalistin məlumatına görə, saxlanılanların yaxınları polis şöbəsinə gəlsələr də, onlara heç bir məlumat verilmir: "Yalnız bir neçəsinin yaxını onların döyüldüyü haqda məlumat alıb". meydantv/

Google+ WhatsApp ok.ru