İşsizlər arasında ürək xəstələri daha çoxdur

İşsizlər arasında ürək xəstələri daha çoxdur

"Novoye Vremya" qəzetində "İşsizlik, ölüm və statistika haqqında" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, rəsmi statistikaya görə, ölkədə çox cüzi işsiz, cəmi 5 faiz yoxsul var. Bu, heç də inandırıcı görünmür:
 
"Bu statistika üç il əvvəl də belə idi. Hələ iqtisadiyyatda durum əlverişli idi, devalvasiya olmamışdı, neft dəyərdən düşməmişdi, banklar, müəssisələr və mağazalar bağlanmamışdı. Amma 10-larla bank, bir çox mağazalar bağlandı. Müştəri və alıcı azlığı üzündən bir çoxları işçi sayını ixtisara saldılar. Amma rəsmən işsizlərin sayı artmır. Əmək və əhalinin sosial müdafiəsi naziri hətta bu günlərdə deyib ki, gənclər arasında işsizlik azalıb".
 
Müəllif hesab edir ki, işsizlik və sosial iqtisadi problemlər insanların səhhətinə də mənfi təsir göstərib. Yazıda baş kardioloq Faiq Quliyevdən belə bir sitat da gətirilir:
 
"Son illər Azərbaycanda ürək-damar xəstəliklərinin sayı kəskin artıb və bu xəstəliyin yayılması da sürətlənib. Hazırda ölkədə hər 1000 nəfərə 4 arterial hipertoniya xəstəsi düşür".
 
F.Quliyev deyib ki, xəstə müalicə olunarsa, bu kateqoriya daxilində ölüm 1 faizə enə bilər. Əks halda bu, 3-4 faiz təşkil edəcək.
 
Baş kardioloq vurğulayıb ki, depressiyanın nəticəsi olaraq işsizlər arasında qəfil ölüm riski 5 dəfə yuxarıdır. Onun deməsinə görə, işsizlər arasında ürək xəstələri olanlara daha tez-tez rast gəlinir.
 
Baş kardioloqa görə, iş axtaran insanlar, bir qayda olaraq, daxili gərginik keçirirlər. Odur ki, işsizlər arasında ölüm daha çox baş verir. /

Google+ WhatsApp ok.ru