İslamçılar Leyla Yunusun müdafiəsinə qalxdılar

Elçin Manafov: `Bu hadisələr bizə də çox yaxşı tanışdır`

Hazırda gündəmi məşğul edən əsas məsələ hüquq müdafiəçisi Leyla Yunusun həbsidir. Vaxtilə siyasi və vicdan məhbuslarının hüquq və azadlıqları uğrunda yorulmadan mübarizə aparan bu qadının indi özünün müdafiəyə ehtiyacı yaranıb. Daim islamçı məhbusların adını beynəlxalq tədbirlərdə hallandıran, onların siyasi məhbus siyahısa salınmasına çalışan Leyla Yunusun həbsi barədə AİP-in sədr əvəzi Elçin Manafov birmənalı olaraq mənfi mövqedə olduğunu deyib: "Təbii ki, haqqı dəstəkləyən hər bir insan bu məsələyə mütləq münasibətini bildirməlidir. Ona görə mən Leyla xanımın həbs olunmasına etiraz etməyi özümə ilahi borc bilirəm. Qurani-Kərimdə də işarə olunub ki, hər bir halda haqqı deyək, həqiqəti heç vaxt gizlətməyək. Bu baxımdan, bu gün biz onun həbsinə etiraz edirik. Bu xanımın bir huquq müdafiəçisi kimi zəhmətləri çoxdur. Leyla xanım qətiyyətli, mübariz bir insandır. Onun vətəni, xalqı uğrunda mübarizəsindən yaxşı xəbərdarıq. Ona qarşı edilən ittihamlar tamamilə əsassızdır. Leyla xanım kimi vətənpərvər insanı Vətənə xəyanət ittihamı ilə həbs etmək, mən deyərdim, onun üçün ölümdən betərdir. Biz təkcə onun elədiklərinin qarşılığında deyil, ilk növbədə, insanlıq borcu olaraq, Leyla xanımın saxta ittihamlara söykənən həbsini pisləyirik. Bu hadisədən çox böyük təəssüf hissi keçiririk
 
E.Manafov daha sonra qeyd edib ki, mövcud səhnə onlara tanışdır: "Bu hadisələr bizə də çox yaxşı tanışdır. Xalqın nə qədər dəyərli övladları, islamçılar, siyasətçilər, media nümayəndələri bu gün saxta ittihamlarla, günahsız yerə zindanlara salınıb. Mən dəfələrlə müsahibələrimdə təəssüf hissi ilə qeyd etmişəm ki, cəmiyyətin əvəzolunmaz ziyalı, işıqlı insanları heç bir əsas olmadan məhbəslərdə əziyyət çəkirlər. Çox ümid edirdim ki, müqəddəs Ramazan ayının sonunda prezident bu bayram gününü özünə fürsət biləcək, çünki bu məğfirət və mərhəmət ayıdır. Həzrət Əli(ə)-ın bu mövzu ilə bağlı məşhur bir hədisi var ki, rəhm et, rəhm olunasan. Biz hamımız Allahın rəhmətinə ümidvarıq. Bu bir fürsət idi ki, günahsız insanlar, xüsusilə, Hacı Mövsüm Səmədov, Abgül Süleymanov, Taleh Bağırov, Hacı Fəraməz və Ruhullah kimi insanlar hakimiyyət tərəfindən azadlığa buraxılardı." /islaminsesi /

Google+ WhatsApp ok.ru