İsmayıllıda sürüşmə, çökmə təhlükəsi olan ərazilərə baxış keçiriləcək

“Bu gün İsmayıllı rayon İcra Hakimiyyətindən məktub almışıq. Məktubda qeyd olunub ki, tərəfimizdən İsmayıllı rayonu ərazisindəki 30 məntəqə və 186 evə baxış keçirilsin. Həmin ərazilərdə ekzogen geoloji proseslər getməsə də, biz yenə də həmin ərazilərə baxış keçirib sürüşmə, çökmə və digər buna aid olan bir şey varsa onları öyrənəcəyik. Daha sonra arayış təqdim edəcəyik ki, tədbir görülsün”.
 
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
 
Ə. Piriyev bildirib ki, ötən həftə İsmayıllı və Şamaxı rayonlarındakı bir neçə kəndin ərazisinə baxış keçirilib: “Vətəndaşlar “Qaynar xətt”ə həmin ərazilərdə sürüşmə prosesinin getdiyi ilə bağlı müraciət etmişdilər. Həmin ərazilərə baxış keçirildi. Sakinlər uçqunla sürüşməni səhv salıblar. Həmin ərazilərdə evləri tikinti qaydalarına uyğun tikməyiblər, uçqun baş verib və evlər uçub. Bunun isə sürüşmə ilə heç bir əlaqəsi yoxdur. Biz baxdıq, arayışları hazırlayırıq müvafiq təşkilatlara göndərəcəyik. Həmin ərazilərdə ekzogen geoloji proseslər aid bir nişanə yoxdur”.
 
Ə. Piriyev qeyd edib ki, ötən ay İsmayıllı rayonunun Xankəndi kəndində baş verən sürüşmə sahəsində hər hansı aktivlik müşahidə olunmayıb: “Bəri başdan dəqiq bir söz demək mümkün deyil. Əgər yağış yağacaqsa sürüşmə davam edəcək. Sürüşmənin dil hissəsində üç dənə ev var. Sürüşmə davam edəcəyi təqdirdə həmin üç evə də xəsarət dəyə bilər. İki ev dağılmış vəziyyətdədir. Orada yaşayış mümkün deyil”.

Google+ WhatsApp ok.ru