İsrail rejimi qüvvələrinin atəş açması nəticəsində fələstinli nümayişçi yaralanıb

İsrail rejimi qüvvələrinin atəş açması nəticəsində fələstinli nümayişçi yaralanıb

Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağının şərqində sərhəd xəttinə yaxın bölgələrdə dünən günortadan sonra keçirilən dinc aksiyalara işğal qüvvələrinin müdaxiləsi nəticəsində 46 nəfərin yaralandığını açıqlayıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, nazirlik Blokada Qırmaq və Böyük Qayıdış Yürüşü 61-ci cümə nümayişlərində iki təcili tibbi yardım işçisinin də yaralandığını bildirib.
 
Fələstinlilər bu həftə "İordan çayının qərb sahilinin ilhaqına yox" şüarıyla keçirilən aksiyalara qatılmaq üçün Qəzza zolağının şərqində sərhəd xətti yaxınlığında qurulmuş qayıdış düşərgələrinə axın edib.
 
Bu arada, İsrail rejimi media orqanları Qəzza zolağından göndərilən yanğın törədici şarların dünən sərhədə yaxın yəhudi yaşayış məntəqələrində üç yerdə yanğına yol açdığını irəli sürüb.
 
Böyük Qayıdış Yürüşü Milli Ali Heyəti fələstinliləri dünən Qəzza zolağı sərhədində "İordan çayının qərb sahilinin ilhaqına yox" şüarıyla keçiriləcək aksiyalara qoşulmağa dəvət etmişdi.
 
Heyət məsələ ilə bağlı yaydığı bəyanatda ABŞ səfiri Devid Fridmanın işğalçı İsrail rejiminin İordan çayının qərb sahilini ilhaq etmə hüququ olduğu istiqamətindəki açıqlamalarına cavab olaraq dünənki mitinqlərə qoşulmağın əhəmiyyətinə diqqət çəkib.
 
Qəzza əhalisi 30 mart 2018-ci ildən bu yana Böyük Qayıdış Yürüşü çərçivəsində Qəzza zolağı sərhədində aksiyalarını davam etdirir, İsrail qüvvələri də silahsız nümayişçilərin üzərinə atəş açır.
 
Qəzza zolağının beş vilayətinin şərq bölgələrində sərhədə yaxın yerlərdə yaradılan qayıdış düşərgələrində toplaşan fələstinlilər dinc şəkildə nümayiş keçirir.

Google+ WhatsApp ok.ru