Su da bahalaşdı

Qablaşdırılmış suların qiyməti 50% qalxıb.

Ötən il dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların bahalaşması bir çox  məhsullar kimi qablaşdırılmış suların da qiymətinə təsirsiz ötüşməyib. Belə ki, ayrı-ayrı şirkətlər tərəfindən istehlakçılara satılan qablaşdırılmış suların qiyməti iki dəfə bahalaşıb. 
 
Bakının bir çox mağazalarından apardığımız araşdırma nəticəsində öyrəndik ki, suların qiyməti  50% qalxıb. Satıcılar bildirdilər ki, qiymətlərin artımı nəticəsində qablaşdırılmış  suya olan tələbat əvvəlki günlərlə müqayisədə xeyli azalıb. 
 
Əgər əvvəllər insanlar qablaşdırılmış suların daha təmiz olduğunu düşünərək  bu növ suları almağa daha çox üstünlük verirdilər. Amma qiymətlər artdıqdan sonra  mənzillərə verilən  sularla kifayətlənməli olurlar. Suya verilən pulla  isə daha çox  qida və  digər  tələbatlarını ödəməyə çalışırlar. 
 
Qablaşdırılmış suların satışı ilə məşğul olan şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq.  Şirkətin məsul işçiləri bizə  qiymət artımının  səbəblərini belə izah etdilər.
“Bəli, suların qiymətlərində artım var. Amma bu başa düşüləndir. Biz suyun qablarını, qapaqlarını və etiketlərini xarici ölkələrdən gətiririk. Məsələn, əvvəllər 100 dollar, yəni 78 manat verirdiksə, bu gün 156 manat verməli oluruq. Ona görə məcburuq ki, satış qiymətlərimizi artıraq”, - deyə şirkətlərdən birindən bildirdilər.
Digər bir şirkətin nümayəndəsi isə bildirdi ki, əvvəlki  dövrlərə nisbətən su Bakıya gətirilənə kimi daha çox pul xərclənir:
“Bizim su Naxçıvandan gəlir. Tırla Bakıya gələnə kimi İrandan keçirlər. Orada isə torpaq pulu verirlər. Bundan başqa isə sürücülərin maaşlarının da artması satışdakı suların qiymətinə təsir göstərir”, - deyə marketinq meneceri qeyd etdi.
 
Qiymətlərin artması ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev dedi ki, satışda olan suların qiyməti nazirlik tərəfindən tənzimlənmir. “Həmin satılan sular bazar iqtisadiyyatı prinsipinə uyğun olaraq tələb, təklif əsasında formalaşır”, - deyə Abbas Əliyev vurğuladı. 
 
Xarici ölkələrdə də insanlar qablaşdırılmış suya daha çox üstünlük verirlər. Amma  həmin ölkələrdəki qiymətləri Azərbaycanla  müqayisə etsək,  nə qədər böyük fərqin olduğunu aydın şəkildə görmək olar. Məsələn, Rusiyada 5 litr suyun qiyməti 40 rubl (o.80 qəpik), Qazaxıstanda isə 200 tengədir (0.88 qəpikdir).
 Qablaşdırılmış suyun qiymətinin qalxması ürəkaçan hadisə hesab olunmasa və istehlakçıların narazalığına səbəb olsa da şirkətlərin də öz əsasları var.  Suyu istehsal edən şirkətlər deyir ki, onlar qablaşdırılma üçün lazım olan ləvazimatları dollarla aldığı üçün qiymətlər dəyişib. Əgər məhsulları əvvəlki qiymətə satarsa, nəinki gəlir əldə edə bilməz, eyni zamanda ziyana işləyər. O zaman ya şirkət bağlanmalı, insanlar işsiz qalmalı, ya da məcbur olub qiymətlər qaldırılmalıdır. Qablaşdırılmış su ala bilməyənlər isə qiymətlərin artımı ilə razılaşa bilmirlər. Ona görə də qablaşdırma sahəsində lazım olan ləvazimatların yerli istehsalına nail olmaq lazımdır ki, onlar xaricdən idxal olunmasın. anspress/
 
 
 

 

Google+ WhatsApp ok.ru