Sumqayıtlı sahibkar ölkə başçısına müraciət etdi

«Niyə məmurlar bizlərin çörəyinə bais olurlar? Özüm şəkər xəstəsiyəm. Pensiya da almıram. Bəs necə dolanım, cənab prezident?»
 
Sumqayıt şəhər sakini 1958-ci il təvəllüdlü Səfurə Ağazadə kiçik sahibkarlıqla məşğul olduğu obyektin fəaliyyətinə  yerli icra orqanlarının törətdiyi əngəllərdən şikayətlənir. Sahibkar bununla bağlı qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edib.
 
Onun müraciətini təqdim edirik: “1997-ci ildən etibarən Sumqayıt şəhəri Heydər Əliyev prospekti 16-cı məhəllə, bina 2/45 ünvanında yerləşən obyekt mənim rəhbərliyimlə qadın salonu və diş kabinəsi kimi fəaliyyət göstərirdi. Təxminən 10 gündür ki, yerli icra hakimiyyətinin ”abadlaşdırma” adı altında göstərdiyi fəaliyyət nəticəsində obyektin yerləşdiyi binanın 1-ci mərtəbəsinə girişi məhdudlaşdırmaqla iş yerimin faktiki bağlanmasına səbəb olub. Yeni icra başçısının göstərişilə obyekdə daxil olmaq üçün lazımi pilləkənları sökməklə məkana girişi qapadıblar. Səbəb kimi bunu deyirlər ki, guya bu pilləkənlər küçənin gözəlliyini pozur. Halbuki, bu pilləkənlər iki il öncə sabiq icra başçısı Eldar Əzizovun göstərişi və zövqünə uyğun olaraq tikilmişdi. Üstəlik bu pilləkənlərin tikilməsinə görə bizdən 5 min manat rüşvət olaraq pul alınmışdı. Indi isə yeni icra başçısı Zakir Fərəcovun təlimatilə bu əraziləri yenidən “abadlaşdırmaq” qərarına gəliblər. Memarlıq idarəsindən gəlib bizdən 10 min manat pul istədilər ki, məkana girişə mane olmasınlar. Biz də bu pulu verməyincə pilləkanları sökdülər.
 
Biz bu hakimiyyətdən əlavə nəsə istəmirik. Özümüz özümüzə iş qurmuşuq. Niyə imkan vermirlər yaşamağa? Məsələ ilə bağlı Sumqayıt şəhər Icra Hakimiyyətinə, Prezident Administrasiyasına və Korrupsiya Qarşı Mübarizə Idarəsinə müraciət etmişəm. Mənə kömək edən olmayıb.
 
Cənab prezident, siz dəfələrlə demisiz ki, məmurlar xalqın xidmətçisi olmalıdır, sahibkarlara dəstək verilməlidir. Bəs nəyə görə bu məmurlar bizlərin çörəyinə bais olurlar? Özüm şəkər xəstəsiyəm. Pensiya da almıram. Bəs necə dolanım, cənab prezident?”

Google+ WhatsApp ok.ru