Təcridxanada intihar edən şəxslə bağlı MARAQLI FAKTLAR

57 yaşlı Manaf Paşayev 1982-ci ildən bəri 9 dəfə həbs edilibmiş

Dekabrın 23-nə keçən gecə Bakı şəhər Sabunçu rayonunda yerləşən 1 saylı İstintaq Təcridxanasında özünü asaraq intihar edən Manaf Paşayevə dünən məhkəmədə hökm oxunmalı imiş. Dünən səhər saatlarında təcridxana əməkdaşları 1958-ci il təvəllüdlü Paşayev Manaf Məmməd oğlunu məhkəməyə gətirmək üçün onun kamerasına gediblər və məhbusun özünü asaraq intihar etdiyini görüblər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə hökm oxunacağı gözlənilirdi. 
 
M.Paşayev daha əvvəl 8 dəfə məhkum edilibmiş və sonuncu dəfə Bakıda oğurluq etdiyinə görə tutulubmuş.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, 57 yaşlı M.Paşayev ilk dəfə 1982-ci ildə məhkum edilib. O daha çox oğurluqla məşğul olurmuş. 2 dəfə isə xuliqanlıq əməlinə görə həbsxanaya salınıbmış. Ümumilikdə isə M.Paşayev həyatının 25 ilə yaxınını dəmir barmaqlıqlar arxasında keçirib.
 
Qeyd edək ki, M.Paşayevin intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, intiharın səbəbi araşdırılır.

Google+ WhatsApp ok.ru