Ötən il baş vermiş 110 qadın qətlinin 75 faizi məişət zorakılığı zəminində qeydə alınıb

Ötən il baş vermiş 110 qadın qətlinin 75 faizi məişət zorakılığı zəminində qeydə alınıb

Bu gün Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC), Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti və “Təmiz dünya” Təşkilatı tərəfindən “Qadınlara qarşı zorakılığa son!” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, RİQC-nin sədri Şəhla İsmayılova bildirib ki, tədbirin məqsədi qadın qətllərinə diqqət çəkməklə ümumilikdə Azərbaycanda qadınlara qarşı zorakılıq hallarını müzakirə etməkdir.
Ş.İsmayılova rəhbərlik etdiyi təşkilat tərəfindən aparılan araşdırma nəticəsində hazırlanan “Zorakılığın miqyası: Azərbaycanda qadın qətlləri” adlı hesabatın nəticələrini açıqlayıb: “Çoxsaylı KİV məlumatları və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kriminal xronikasından əldə edilmiş məlumatlara əsasən, araşdırma nəticəsində məlum olub ki, 2010-cu ildə Azərbaycanda 91, 2011-ci ildə 120, 2012-ci ildə 96, 2013-cü ildə 101, 2014-cü ildə 144, 2015-ci ildə 99 və 2016-cı ildə 110 qadın qətlə yetirilib. Qadın qətlləri arasında ailə münaqişəsi zəminində baş verən zorakılıqlar üstünlük təşkil edir. Belə ki, 2010-cu ildə bütün qadın qətllərinin 86%-ni, 2016-cı ildə 75%-ni məişət zorakılığı nəticəsində baş vermiş hadisələr təşkil edib. 2016-cı ildə 110 qadından 48-i ərləri, keçmiş ərləri və ya sevgililəri, 35 qadın ataları, qardaşları, oğulları və ya digər yaxın qohumları, 11 qadın tanışları tərəfindən öldürülüb. 4 qadın oğurluq məqsədilə, 12 qadın isə naməlum səbəblərdən və ya qurban üçün naməlum olan şəxslər tərəfindən qətlə yetirilib”.
 
Qadınlara qarşı sui-qəsdlərdən danışan Ş.İsmayılova qeyd edib ki, bu halların sayı 2010-cu ildə 74, 2011-ci ildə 67, 2012-ci ildə 72, 2013-cü ildə 66, 2014-cü ildə 90, 2015-ci ildə 69 və 2016-cı ildə 97 olub. Onun sözlərinə görə, 2016-cı ildə 97 qadına qarşı törədilmiş sui-qəsd cəhdlərinin 56-sı ərləri, keçmiş ərləri və ya sevgililəri, 28-i ataları, qardaşları, oğulları və ya digər yaxın qohumları, 7-si tanışları tərəfindən törədilib. Bunlardan 3-ü oğurluq məqsədilə, 3-ü isə naməlum səbəblərdən baş verib.
D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qadınlara qarşı zorakılıqla mübarizə ilə bağlı dövlət və QHT-lər arasında əməkdaşlıq və birgə görülə biləcək işlər barədə danışıb.
 
İqtisadçı Qubad İbadoğlu zorakılığın iqtisadi aspektləri, iqtisadi vəziyyətin zorakılığa təsiri və bunun iqtisadiyyat üçün fəsadları barədə məlumat verib. /

Google+ WhatsApp ok.ru