Ötən 11 ay: müsbəti nə, mənfisi nə?

Ötən 11 ay: müsbəti nə, mənfisi nə?

“Müsavat.com”da “İlin 11 ayı: iqtisadiyyatda nələr dəyişdi - ekspert şərhi” sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif 2019-cu ilin başa çatmış 11 ayı ərzində iqtisadi inkişaf sahəsində əldə edilmiş nəticələr barədə iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbətləşir.
 
N.Cəfərli deyir ki, bu il ən çox yadda qalan supernazirliyin yaranması və struktur dəyişikliyi oldu, bu müddətdə manatın məzənnəsində dəyişiklik nəzərə çarpmadı, qonşu dövlətlərin valyutaları devalvasiyaya uğrasa da, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi 1.70 AZN olaraq dəyişməz qaldı.
 
Ekspert əlavə edir ki, Mərkəzi Bank faiz dərəcəsini aşağı salsa da, bu, hələ ki, iqtisadi proseslərə təsir etmir, kredit faizləri yüksək olaraq qalır, burada başqa struktur problemləri də mövcuddur.  
 
N.Cəfərli deyir ki, yeni qurumların yaradılması baş verib, amma bunun effektli olub-olmaması qarşıdakı illərdə bilinəcək.  
 
“Çünki idarəetmənin strukturunun dəyişdirilməsi 2019-cu ilin sonlarına təsadüf etdi. Ona görə də dəyişikliklərin bu il hansısa təsirlərə səbəb olduğunu söyləmək mümkün deyil. Bu baxımdan 2020-ci il maraqlı il olacaq”.
 
“Cənub Qaz Dəhlizi” layihəsindən danışan ekspert deyir ki, bu, kifayət qədər ciddi layihədir, həm Avropa Birliyinin, həm Azərbaycanın, həm də bölgə dövlətlərinin maraqlarını əhatə edir, təqribən 24-25 milyard dollara yaxın investisiyalar yatırılıb.
 
“Beynəlxalq layihənin işə düşməsi, əlbəttə, Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək amildir. Amma uzun müddət, təbii ki, belə böyük həcmdə gəlir gətirəcəyini də söyləmək mümkün deyil. Çünki layihənin həyata keçirilməsi üçün böyük həcmdə kreditlər alınıb. İlkin gəlirlər də bu kreditlərin qaytarılması üçün istifadə ediləcək”, N.Cəfərli belə deyir.
 
Ümum Daxili Məhsulun artmasına gəlincə, iqtisadçı söyləyir ki, burada həm gömrük, həm də vergi sistemində müəyyən “ağarma”lar baş verib, yəni əvvəllər gizlədilən dövriyyə bu il üzə çıxarılıb. Bu il ÜDM-də artım təqribən 3 faiz olub, lakin bu rəqəmi çox da böyük saymaq olmaz.
 

Google+ WhatsApp ok.ru