Tacikistan DİN: “İŞİD” Ramazan ayında ölkədə silsilə terror aktları planlaşdırırmış

Tacikistanda "İslam dövləti" terror qruplaşmasının Ramazan ayında ölkədə törətməyi planlaşdırdığı terror aktlarının qarşısı alınıb. 
 
Tacikistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə terror aktları törətməkdə bilinən Düşənbə sakini, 1990-cı il təvəllüdlü Rəcəbəli Babacan adlı şəxsi saxlayıb.
 
R. Babacan sosial şəbəkələrin birində yazıb ki, hazırda "İslam dövləti" terror qruplaşmasının tərkibində Suriyada döyüşən Tacikistan vətəndaşı ilə tanış olub, əmrlərini qeyd-şərtsiz yerinə yetirəcəyini vəd edib. Dindirmə zamanı o bildirib ki, Ramazanın son ongünlüyündə 10 milis bölməsini partlatmaq niyyətində olub.
 
Tacikistan Daxili İşlər Nazirliyindən həmçinin bildiriblər ki, bir gün ərzində R. Babacan Kulyab, Düşənbə, Fayzabad və Qarma şəhərlərinin hərəsində 3 partlayış törətməyi planlaşdırırmış.
 
Əməliyyat zamanı həmçinin 39 yaşlı Sədrəddin Rəcəbov adlı şəxs saxlanılıb. O, R. Babacanın yardımçısı olub və “İŞİD” terror qruplaşmasının tərkibində döyüşmək üçün Suriyaya getməyi planlaşdırıb. 

Google+ WhatsApp ok.ru