Taksi sürücüləri narazıdır: “Nəqliyyat müfəttişləri hələ də bizdən əl çəkmir” -FOTO

 
Ölkə başçısının 21 dekabr 2015-ci il tarixli fərmanı ilə lisenziyalaşdırma qaydası təsdiq edilib. Sənəddə lisenziya tələb olunan fəaliyyət növü və rüsumların məbləğləri də təsdiq edilib. 
 
Lakin siyahıda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma (təhlükəli yüklər istisna olmaqla) fəaliyyəti ilə bağlı lisenziyalar müəyyən edilməyib və adıçəkilən fəaliyyət növlərində lisenziyalar ləğv olunub. Taksi fəaliyyətində lisenziyaların ləğv olunması bu sahədə çalışan sürücüləri sevindirib. 
 
Musavat.com olaraq lisenziyaların ləğvi məsələsini paytaxtda faəliyyət göstərən taksi sürücüləri ilə müzakirə etməyə çalışdıq. Həqiqətən də lisenziyaların ləğvi onların işini asanlaşdırıbmı?
 
Sürücülər verilən qərardan sonra rahat nəfəs aldıqlarını bildirdilər: “Bu gün bu barədə mətbuatdan xəbər tutduq. Nəhayət, illərdir ki, bizi süründürməçiliyə salan lisenziya dərdindən qurtardıq. Biz bildiyimizə görə bu qərar bir çox sahələrə tətbiq olunsa da, taksi xidmətinə şamil olunmadı. Lisenziyamız olmadığına görə Nəqliyyat Nazirliyinin müfəttişlərinə illərdir ki, rüşvət verirdik, artıq bu dərddən qurtulduq”.
 
Həmsöhbət olduğumuz taksi sürücüləri arasında lisenziyaların ləğvinin korrupsiya hallarına yol açacağını düşünənlər də oldu. Adının çəkilməsini istəməyən sürücü bu barədə danışdı: “Əvvəllər lisenziya əvəzində nəqliyyat müfəttişlərinə ildə 57 manat pul, yəni rüşvət verirdik.  Halbuki, dövlət rüsumu 18 manat idi. Bu ödənişin qarşılığında isə nazirlik nümayəndələri 18 manatlıq çek verirdilər.  Adı rüşvət olsa da, rahat şəkildə taksi xidməti yerinə yetirirdik. Bu pulu ödəmədikdə isə şəhərdə sürücü işləmək mümkün deyildi. Düşünürəm ki, lisenziya ləğv olunsa da,  rüşvət halları davam edəcək. Yeni qaydalarla bağlı söz-söhbət gəzir. Tətbiq olunacaq qaydalara görə, 21 yaşından yuxarı şəxslər taksi sürücüsü işləyə biləcək, nəzəri və praktik sürücü təcrübəsi olmayanlar xidmətdən kənarlaşdırılacaq. Bəllidir ki, sürücülərin bir çoxu praktiki cəhətdən hazır olsalar da, nəzəri cəhətdən o qədər də bilgili deyillər. Bu səbəbdən də, sürücülər məcbur olub, rüşvət verəcəklər. Korrupsiya halları yenə də baş alıb gedəcək”.
 
Nəqliyyat müfəttişlərinin özbaşınalığı...
 
Ölkə başçısının qərarı ilə bir sıra öhdəliklər Nəqliyyat Nazirliyinin tabeçiliyindən alınaraq Bakı Şəhər Dövlət Yol Polisi verildi. Bu qərarlardan biri də taksi xidmətləri ilə bağlı oldu. Nəqliyyat müfəttişlərinin lisenziyaların verilməsi, dayanacaqlara nəzarət kimi səlahiyyətləri məhdudlaşdırıldı. Lakin sürücülərin sözlərinə görə, bu qərardan sonra da nazirlik nümayəndələri köhnə əməllərindən qalmırlar. Sürücülərdən rüşvət müqabilində işləmələrini və dayanacaqlara aylıq 5 manat ödəmələrini tələb edirlər”. 
 
Paytaxtın “Neftçilər” metrostansiyası yaxınlığında fəaliyyət götərən taksi sürücüləri vəziyyəti belə izah etdilər: “Hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nəzarətindəyik. Konkret lisenziya şərtləri olmadığı üçün nəzarət yoxdur. Yeni yaranan Nəqliyyat Agentliyi var. Həmin idarədən bildirilib ki, 3 ay müddətində bu işlərə baxılacaq. Həmin agentlik və DYP birgə işləyəcək. Əgər kimsə  vergidən yayınarsa, onlara cərimələr tətbiq olunacaq. Biz də sürücülər üçün tətbiq olunacaq qaydaları gözləyirik. Buna baxmayaraq bu gün mülki geyimli nəqliyyat müfəttişləri dayanacaq üçün aylıq 5 manatdan verməyimizi tələb etdilər. Biz isə ölkə başçısının verdiyi qərarı onlara dedik və ödəməyəcəyimizi bildirdik. Bir az mübahisə yaşandı və getdilər...”
 
Digər taksi sürücüsü deyir ki, nəqliyyat müfəttişləri onlara köhnə qaydalara uyğun olaraq işləməyi təklif edib: “İki aydır ki, nəqliyyat müfəttişlərinə rüşvət vermirik. Lakin bir neçə gün öncə nəqliyyat müfəttişləri bizimlə danışığa gəldi. Eyvaz adlı müfəttiş təklif etdi ki, gəlin köhnə qayda ilə işləyək. Aylıq 60 manatdan ödəniş edin. Biz onlara bildirdik ki, əgər bu ödənişi sizə etsək, əvəzində çek verə biləcəksinizmi? Sualımızı eşitməzliyə vurdular. Ləğv olunan idarənin bizə göstəriş verməsini qanunsuzluq adlandırdıq. Olmayan bir idarənin necə qərar verə biləcəyini soruşduq. Nəqliyyat müfəttişləri dedilər ki, heç nə ləğv olunmayıb. İndi biz iki nazirlik arasında qalmışıq. Əgər, bu qurum ləğv olunubsa, hansı qanunla qarşımıza tələb qoyurlar?” musavat /









Google+ WhatsApp ok.ru