Tatarların lideri hərbi bölmə yaratmaq üçün Ərdoğandan pul istədi

Krım tatarlarının lideri və Ukraynanın xalq deputatı Mustafa Cəmilov Xerson vilayətində, Krımla sərhəddə hərbi bölmə yaratmaq niyyətində olduğunu açıqlayıb.
 
Bu barədə QHA agentliyi məlumat yayıb.
 
M.Cəmilov bildirib ki, həmin bölmə Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olacaq.
 
“Ancaq Ukraynanın imkanları məhduddur. Hərbçilərin geyim, silah, qida və digər zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı problem var”, - deyə dekabrın 16-17-də Ankarada səfərdə olan Mustafa Cəmilov bildirib.
 
M.Cəmilov deyib ki, o bu məsələ ilə bağlı fikirlərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də bölüşüb.
 
M.Cəmilov vurğulayıb ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Krıma qoyulan vətəndaş blokadasını da müzakirə ediblər: “Biz blokada haqda danışdıq. İndiki situasiyanın səbəblərinə toxunduq. Türkiyə Krım tatarlarının problemlərini asanlıqla həll edə bilər. Krım tatarlarının çoxu vətənini tərk etmək məcburiyyətində qalıb. Bizim miqrantlar bütün Ukrayna boyu dağılışıblar. Əksəriyyət Ukraynanın qərb regionlarına gedir, çünki vətənpərvərlik yüksək səviyyədədir, insanlar daha çox milli əhval-ruhiyyəyə kökləniblər və onlar Krım tatarlarını daha yaxşı anlayırlar. Biz istəyirik ki, regionlara dağılışan adamlarımız yarımadaya daha yaxın ərazilərdə, məsələn, Xersonda qalsınlar”.(virtualaz.org)

Google+ WhatsApp ok.ru