Tikinti şirkətlərinin parkinq fırıldağı - VIDEO

Yeni inşa olunan bəzi binalardan mənzil alan vətəndaşlardan binanın həyətində maşın saxlamağa görə əlavə parkinq pulu da tələb olunur. Mütəxəssislər isə bu məbləğin tələb olunmasının qanuna ziddi olduğunu bildirirlər. “Xəzər Xəbər” tikinti şirkətlərinin bu fırıldağının təfərrüatlarını üzə çıxarıb.
 
Yeni inşa olunan binaları tikən şirkətlər həmin yerdən mənzil alan vətəndaşlardan maşını həyətdəki boş ərazidə saxlamaq üçün əlavə vəsait tələb edirlər. Halbuki, bu qanunsuzdur.
 
Tikinti şirkətlərinin rəhbərləri parkinq adı ilə həmin pulu vətəndaşlardan almaq üçün isə müxtəlif qanunsuz vasitələrə əl atırlar.
 
Mütəxəssislər bildirir ki, binanın həyətyanı sahəsi Mənzil Məcəlləsinə görə ümumi istifadədə olan əraziyə daxildir və heç bir halda burda avtomobil saxlamağa görə mənzil sahiblərindən pul alına bilməz.
 
Məsələ avtomobil parkinqindən düşmüşkən ağla bir sual da gəlir ki, bəs yeni binaların altında yerləşən parkinqlərə görə pul alına bilərmi? Ekspertlər bildirir ki, belə parkinq əgər 2 və ya 3 mərtəbəli olarsa icarəyə verilə bilər. Yox əgər bir mərtəbə təşkil edirsə həmin ərazi də binanın texniki mərtəbəsi kimi ümumi pulsuz istifadəyə verilməlidir. xezerxeber /

Google+ WhatsApp ok.ru