Tikinti şirkətləri bir mənzili dəfələrlə sata biləcəkmi?

Tikinti şirkətləri bir mənzili dəfələrlə sata biləcəkmi?

Günümüzün aktual məsələlərindən biri daşınmaz əmlakla bağlı yaşanan problemlərdir. Bir mənzilin bir neçə nəfərə satılmasıyla bağlı bu gün məhkəmələrə neçə-neçə şikayətlər edilir. Orta əhali təbəqəsinin mənzil sahibi olmaq üçün illərlə topladığı vəsaiti bəzi tikinti şirkətləri fırıldaqçılıqla əllərindən alır. Tikinti şirkətləri heç bir məsuliyyət hiss etmədən bir mənzili neçə adama sataraq külli miqdarda pul qazanır.
 
Bu arada Əmlak Məsələləri Dövlət Komitəsindən daşınmaz əmlakın öncədən qeydiyyatı mexanizminin geniş tətbiqinə başlamaqla bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, mexanizmin əsas məqsədi mənzil-tikinti kooperativlərinin bir mənzili bir neçə nəfərə satmasının qarşısını almaqdır. Yəni bina tikilməzdən öncə ordakı mənzillərin öncədən qeydiyyatına dair arayış veriləcək və eyni mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq. Məlumatdan bəlli olub ki, öncədən qeydiyyat mexanizmi çoxdan olsa da, ictimaiyyət bu barədə elə də məlumatlı olmadığı üçün geniş tətbiq olunmurmuş.
 
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, indiyədək eyni mənzilin bir neçə nəfərə satılması əhalinin ən çətin problemlərindən biri olub. Daşınmaz əmlakın öncədən qeydiyyatı mexanizmi isə qanunvericilikdə çoxdan var:
 
“Qanunda nəzərdə tutulsa da, bu məsələ icra olunmurdu. “MİDA” sosial evlərin tikintisinə başlayanda bu məsələnin icrasının vacibliyi üzə çıxdı. İlk olaraq o zaman öncədən qeydiyyat mexanizmi işə salındı. Hazırda bu mexanizmin geniş şəkildə tətbiqinə başlansa, bir mənzilin neçə nəfərə satılması problemi də tədricən həll olunar”.
 
Ekspertə görə, mexanizmin tətbiqi baş tutarsa, tikinti şirkətlərinin banklardan kredit alaraq fəaliyyət göstərməsinə də stimul yaranar. Eyni zamanda, qanunvericilikdə çoxdan mövcud olan bu məsələ bir mənzili başqa-başqa şəxslərə satan məsuliyyətsiz tikinti şirkətlərinə bir xəbərdarlıq olar. (azadliq.info) /

Google+ WhatsApp ok.ru