Tofiq Yaqublu klinikadan çıxıb və evə gedib (YENİLƏNİB) - VIDEO

Tofiq Yaqublu klinikadan çıxıb və evə gedib (YENİLƏNİB) - VIDEO

Həkimlərin xahişlərinə baxmayaraq, Tofiq Yaqublu klinikada qalmaqdan imtina edib və məhkəmənin onun ev dustaqlığına keçirilməsi haqqında bu gün qəbul etdiyi qərardan sonra evə gedib. Saat 17 radələrində Yaqublu ailə üzvlərinin əhatəsində City Hospital klinikasından çıxıb və toplaşan tərəfdarlarına təşəkkürünü bildirib.
 
Dəstəyinizə görə çox sağ olun, ədalət və həqiqət uğrunda mübarizə davam etdiriləcək. Mövqeyimdən əl çəkmirəm və mənə qarşı irəli sürülmüş ittihamlar uydurmadır. Məhkəmələr, istintaq və onların şahidləri saxtakarlığın iştirakçılarıdır və buna görə cavab verməlidirlər, deyə Yaqublu bildirib.
***
Sentyabrın 18-də siyasətçi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
 
Maide.az-ın məlumatına görə, qərar Bakı Apellyasiya Məhkəməsində – Tofiq Yaqublunun şikayəti üzrə hazırlıq iclasında, vəkillərin vəsatəti əsasında çıxarılıb.
 
Hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.
 
Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib. 
 
Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq. 
 
Qeyd edək ki, T.Yaqublu bu il martın 22-də tutulub. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.
 
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.
 
T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı deyilir.
 
 

Google+ WhatsApp ok.ru