Türkiyənin baş naziri kim olacaq?

BBC Monitoring yazır ki, Ahmet Davutoğlunun istefasının ardınca hakim Ədalət və İnkişaf Partiyası (AKP) mayın 22-də yeni baş nazir təyin edəcək.

Bir çox şərhçilər hesab edirlər ki, Ahmet Davutoğlunun qəfil istefasının arxasında prezident Recep Tayyip Erdoğanın onun Avropa İttifaqı ilə bağladığı miqrant sazişinin şərtlərini rədd etməsi və özü üçün icraçı prezident səlahiyyətlərini durmadan tələb etməsi durur. Təhlilçilər bildirirlər ki, baş nazir postuna Erdoğana sədaqətli birisinin gələcəyi gözlənilir.

Binali Yıldırım

Nəqliyyat naziri Binali Yıldırım prezident Erdoğanla yanaşı AKP-nin təsisçilərindən biri olub.

O, 2002-ci ildən 2013-cü ilədək bütün AKP hökumətlərində nəqliyyat naziri vəzifəsini tutub. Yıldırım bu postdan bircə dəfə, 2014-ci ildə AKP-nin İzmir merliyinə uğursuz iddiasına rəhbərlik etmək üçün ayrılıb.

Erdoğanın “sağ əli” kimi tanınan Yıldırım açıq şəkildə bildirib ki, Erdoğana icraçı prezident səlahiyyətlərinin verilməsinin, ən azı onun AKP liderliyinə qayıtmasının tətəfdarıdır.

Davutoğlu ilə Yıldırım arasında gərginlik, sonuncu 2015-ci ildə yenidən nəqliyyat naziri təyin edildikdən sonra başlanıb. 2016-cı ilin aprelində keçirilmiş körpü açılışında Erdoğan, Davutoğlu və Yıldırım birlikdə olsalar da, nəqliyyat nazirliyinin bəyanatında baş nazirin adı çəkilməyib və Yıldırımın bu münasibətlə Twitterə yüklədiyi fotolardan Davutoğlu çıxarılıb.

Baş nazirin istefasından bir həftə əvvəl gərginlik yenidən artıb. Bu dəfə mətbuat konfransında çəkilən videolarda Yıldırımın Davutoğlunun yanında oturmaqdan imtina etdiyi görünür.

O, mayın 4-də Davutoğlunun Erdoğanla görüşü ərəfəsində prezidentin qəbulunda olmuş üç nazirdən biridir. Ertəsi gün Davutoğlu istefa verib.

Berat Albayrak

Berat Albayrak 2015-ci ildə parlamentə üzv seçildikdən dərhal sonra AKP nərdivanı ilə enerji naziri vəzifəsinədək bir meteor sürətilə yüksəlib. Təhlilçilər deyirlər ki, ailə bağları onun kareyerasına heç də mane olmayıb. Onun biznesmen atası Ahmet Yeni Şafak qəzetinin sahibidir, qardaşı Serhat isə bir sıra hökumətyönlü qəzetlərin və telekanalların sahibi olan Türküvaz Media Group şirkətinin icraçı direktorudur. Berat Albayrak həm də Erdoğanın böyük qızı Esraya evlidir.

Onun enerji naziri təyin edilməsi ərəfəsində artan nüfuzunu belə bir hadisə də təsdiq edirdi ki, o Antalyada keçirilən G20 sammitində prezident Erdoğanın Barack Obama ilə danışıqlarında iştirak edəcək nüfuzlu nümayəndə heyətinin tərkibinə daxil edilmişdi.

Türkiyə mediasının şərhçiləri onu baş nazirliyə mümkün namizəd sayırlar, hərçənd təcrübəsi və AKP sıralarında nüfuzu o qədər də böyük deyil.

Bekir Bozdağ

AKP-nin yaradıcılarından biri olan ədliyyə naziri Bekir Bozdağ 2011-ci ildə baş nazirin müavini təyin edilib.

Bozdağ icraçı prezidentlik üsul-idarəsinin qızğın müdafiəçisidir və deyir ki, bu, ölkədə “sabitliyin saxlanması” üçün zəruridir.

Jurnalistlərin məhkəmədən əvvəl həbsxanada saxlanmasının əleyhinə olan Davutoğludan fərqli olaraq, Bozdağ 2016-cı ilin yanvarında jurnalistlərin həbsdən azad edilməsinə dair Konstitutisya Məhkəməsi qərarını pisləyən Erdoğanı dəstəkləyib.

Aprel ayında buna bənzər başqa bir epizodda prezident Erdoğan “terror dəstəkçilərinin” toxunulmazlığının ləğvi barədə yeni qaydalara çağırış edib. Davutoğlunun hökumətin belə bir qanunvericiliyi təklif etmək fikrində olmadığı barədə açıq bəyanatına baxmayaraq, Bozdağ “biz əlbəttə, bunun üzərində işləyəcəyik, çünki bu, prezidentin istəyidir” deyib.

Efkan Ala

Baş nazir Erdoğan daxili işlər naziri Efkan Alanın karyerasını onu 2007-ci ildə özünə müavin etməklə möhkəmləndirib.

O vaxtdan bəri Erdoğan ona bir sıra mühüm vəzifələr həvalə edib.

Ala Erdoğanın silahlı separatçı Kürdüstan Fəhlə Partiyası – PKK ilə münaqişənin çözümü üçün yaratdığı Milli Birlik və Qardaşlıq Layihəsində aparıcı rol oynayıb.

Ala bu konvensiyanı 2013-cü ildə, prezident o hələ parlament üzvü olmadan onu daxili işlər naziri təyin edəndə tərk edib. Onun təyinatı bir neçə nazirə qarşı korrupsiya iddiaları ilə bağlı hökumət yerdəyişmələrinin bir hissəsi idi. Ala bu vəzifəyə təyin edilən kimi prezident Erdoğanın “xarici qəsd” kimi damğaladığı təhqiqatı aparan 70-dək polis işçisini vəzifələrindən qovub. Ala da Binali Yıldırım kimi Davutoğlunun Erdoğanla son görüşündən əvvəl prezidentin yanına gedən üç nazirdən biri olub. /

 

Google+ WhatsApp ok.ru