Türkiyədə yenə jurnalistləri saxlayıblar

Türkiyədə yenə jurnalistləri saxlayıblar

Türkiyədə "Hürriyet" qəzetinin redaktoru saxlanıb. Bu barədə qəzet çərşənbə axşamı məlumat yayıb. Bildirilir ki, Dinçer Gökçe-dən başqa daha 9 jurnalist də saxlanıb. Prokurorluq ümumilikdə 35 nəfərin həbsinə order verib.
 
 
18 NƏFƏR XARİCƏ QAÇIB
"Reuters" agentliyi bu həbslərin ötən aykı çevriliş cəhdinin təhqiqatı çərçivəsində aparıldığını qeyd edir. Belə ki, Türkiyə hakimiyyəti ABŞ-da yaşayan Fethullah Gülen-i həmin çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen isə bunu «yalan» adlandırır.
 
"Hürriyet" yazır ki, 35 nəfərlik siyahıdakılardan azı 18-i xaricdədir. Saxlananlardan biri Murat Aksoy-dur ki, o, vaxtilə hökumətyönlü "Yeni Safak" qəzetində, CHP dünyəvi müxalifət partiyasında müşavir işləyib.
 
NTV telekanalı İstanbul polisinin keçmiş müdirinin də saxlandığını bildirir.
 
Hələlik, prokurorluqdan açıqlama verilməyib.
 
Ümumilikdə isə, 15 iyul çevriliş cəhdindən sonra 40 mindən çox adam saxlanıb, onların təxminən yarısı həbsə atılıb. 80 min nəfər polis, dövlət qulluğu və ədliyyə orqanlarından uzaqlaşdırılıb.
 
 
QƏZETİN XARİCİ NƏŞRLƏRİ DAYANDIRILDI
Bütün bu təzyiqlər Avropadakı türk icmalarında prezident Recep Tayyip Erdoğan tərəfdarları ilə Gülen-ə rəğbət bəsləyənlər arasında gərginliyi artırıb.
 
Gülen hərəkatına bağlı "Zaman" qəzetinin Fransa və Belçika nəşrləri də fəaliyyətini dayandırıb və bunu redaktorlarına təhlükəsizlik riskinin artmasıyla izah ediblər. Qəzet bildirib ki, redaksiya 200-dən artıq ölüm təhdidi alıb. Türkiyədə "Zaman" qəzetinin ofisində hələ martda reyd keçirilmişdi.
 
"Al-Jazeera" televiziyasının məlumatına görə, İstanbul polisinin keçmiş rəhbəri Hüseyin Çapkın ölkənin qərbindəki İzmir şəhərində saxlanıb. Adı açıqlanmayan üç valinin həbsinə də order verilib.
 
Bu ayın əvvəlində İstanbulun valisi Hüseyin Avni Mutlu daxil olmaqla, səkkiz vali həbs olunmuşdu.
 
 
HAKİM DƏ SIĞINACAQ İSTƏYİR
Yunanıstan hakimiyyəti isə çərşənbə axşamı bildirib ki, hakim olduğunu və Türkiyədə təqiblərdən qaçdığını bildirən bir nəfər qaçqınlarla birlikdə Egey dənizinin şərqindəki Xios adasına çatıb. 48 yaşlı həmin şəxs ölkəyə qanunsuz girdiyinə görə saxlanıb, amma sığınacaq istəyəcəyini söyləyib.
 
Bu arada Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Türkiyə üzrə məruzəçisi Kati Piri açıqlama yayıb. Onun sözlərinə görə, çevriliş cəhdindən sonra insan haqlarına və hüququn aliliyinə sayqı Türkiyə demokratiyasından ötrü bir sınağa çevrilər. Kati Piri çevriliş cəhdiylə əlaqəsi olmayan minlərlə adamın saxlandığını vurğulayıb.
 
15 iyul hadisələrindən sonra ölkədə 130-dan çox media qurumu qapadılıb, 60-dan artıq jurnalist həbsə atılıb.
 
Erdoğan 240-dan artıq adamın həlak olduğu çevriliş cəhdinə görə Gülen-in ekstradisiyasını tələb edir, ABŞ hüquqşünasları isə bu prosesin illərlə çəkəcəyini bildirir (azadliq.org)

Google+ WhatsApp ok.ru