Türkiyədə faciə  - 17 nəfər avtobusda diri-diri yandı

Türkiyədə faciə - 17 nəfər avtobusda diri-diri yandı

-- Həyatını itirənlər Əfqanıstan və Pakistan vətəndaşlarıdır

Türkiyədə ağır yol qəzası baş verib.
 
Maide.Az  "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə İğdır vilayətində qeydə alınıb.
 
Əfqanıstan və Pakistandan gələrək İran sərhədindən qeyri-qanuni yollarla Türkiyəyə keçdikləri bildirilən miqrantların olduğu mikroavtobus İğdır-Qars avtomobil yolunda idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanıb. İlkin məlumata əsasən, hadisə nəticəsində mikroavtobusda olan 17 nəfər dünyasını dəyişib, daha 36 nəfər isə yaralanıb.
 
Hadisə ilə əlaqədar çoxlu sayda jandarma, xilasetmə qrupu və təcili tibbi yardım xidməti bölgəyə göndərilib. Yaralılar İğdır xəstəxanasına yerləşdirilib. Yanan avtomobil xilasetmə qrupları tərəfindən söndürülüb.
 
Yanğınsöndürmə briqadasının açıqlamasına görə, sərnişin tutumu 14 nəfər olmasına baxmayaraq, mikroavtobusa aralarında qadınların da olduğu 50-dən artıq adam minibmiş.
 
 

 

Google+ WhatsApp ok.ru