Trump iğtişaşları hərbi qüvvələrlə yatıracağını deyir

Trump iğtişaşları hərbi qüvvələrlə yatıracağını deyir

ABŞ Prezidenti Donald Trump ölkədə yayılmış iğtişaş və talanı dayandırmaq üçün ordudan istifadə etməklə hədələyib.
 
Prezidentin iyunun 1-də açıqlamasına görə, qubernatorlar “küçələrdə üstünlüyü ələ almaqdan ötrü” yetərli sayda Milli Qvardiya əsgəri çıxarmaqla bağlı onun tövsiyəsinə əməl etməzsə, hərbi qüvvələri işə salacaq.
 
Qanunvericilik prezidentə fövqəladə hallarda hərbçilərdən hüquq mühafizə məqsədilə istifadəyə icazə verir. İndiyədək hərbçilərdən təbii fəlakətlər zamanı amerikalılara kömək üçün istifadə olunub.
 
Trump mayın 31-də Vaşinqtonda və ölkənin digər yerlərində baş vermiş vandalizmi pisləyib. Etirazlara mayın 25-də Minneapolisdə qaradərili George Floyd-un ağdərili polis əməkdaşının əlində ölməsi səbəb olub.
 
Prezident Floyd-un ölümünü “ağır faciə” adlandırsa da, administrasiyanın zorakı xarakter almış nümayişlərə tolerant yanaşmayacağını vurğulayıb.
 
“İğtişaşları, talanı, vandalizmi, hücumları və əmlakın dağıdılmasını dayandırmaq üçün minlərlə ağır silahlanmış əsgərləri, hərbi heyəti, hüquq-mühafizə əməkdaşlarını cəlb edirəm”, – prezident deyib.
 
 Bəzi şəhərlərdə komendant saatı elan olunub
 
Trump iğtişaşları qızışdırmaqda “peşəkar anarxistləri, zorakı kütləni, talançıları, Antifanı” ittiham edib. Prezident bundan qabaq Antifanı terrorçu təşkilat adlandırmışdı. Bu şəbəkə daha çox ifrat-solçu silahlı mübarizəni təşviq edir.
 
Trump daha sonra bir gün qabaq törədilmiş yanğında ziyan görmüş kilsənin qarşısında əlində İncil foto çəkdirib.
 
Vaşinqtonun meri axşam 7-dən komendant saatı elan edib. Mayın 31-də talan və iğtişaşlar baş vermiş şəhərlərdə də iyunun 1-dən komendant saatı elan olunub.
 
Bu arada Floyd-un autopsiyasının nəticəsi açıqlanıb. Autopsiyanı həyata keçirmiş həkimlərdən biri Michael Baden mətbuat konfransında deyib ki, onun ölümünə boyun hissəsinə polis əməkdaşlarının təzyiqi nəticəsində yaranmış təngnəfəslik səbəb olub.
 
İnternetdə yayılmış videoda Derek Chauvin adlı ağdərili polis əməkdaşının diziylə Floyd-un boynunu sıxdığı, onun isə dəfələrlə nəfəs ala bilmədiyini söylədiyi görünür.
 
Chauvin-ə üçüncü dərəcəli qətl və adamöldürmə ittihamı irəli sürülüb, ancaq Floyd-un ailəsi və vəkilləri deyirlər ki, ittiham birinci dərəcəyə qaldırılmalı, insidentdə iştirak etmiş digər polis əməkdaşlarına da ittiham irəli sürülməlidir. /azadliq.org 
 

Google+ WhatsApp ok.ru