Uşağını küçəyə atan qadın: `Birinci uşağımı xəstəxanada qoyub çıxdım`

Fevralın 12-nə keçən gecə Xətai rayonu ərazisində, Qara şəhər adlanan yerdə 2 yaşlı oğlu Yusifi küçəyə atan qadın hərəkətinin səbəbini açıqlayıb.
 
Maide.az bildirir ki, İlhamə Məmmədova lent.az-a deyib ki, 1981-ci ildə Qazax rayonunda anadan olub, lakin uşaq evində böyüyüb: "Valideynlərim mən 2 aylıq olanda gətirib Gəncəyə atıblar. Uşaq evində böyümüşəm. Orada keçirdiklərimi, yaşadıqlarımı düşünəndə valideynlərimə nifrət edirəm".
 
İ.Məmmədova əlavə edib ki, uşaq evini tərk edəndən sonra həyatla təkbaşına mübarizə aparmalı olub: "Əvvəl işlədiyim yerdə iş yoldaşımdan bir övladım oldu. Həmin adam hamiləykən məni atdı. İmkansızlığa görə körpəni doğum evindən çıxarmadım və ərizəmdə bildirdim ki, imkanım olan kimi gəlib onu götürəcəm. Sonra başqası ilə tanış oldum, ondan da hamilə qaldım, bu biri uşaq oldu. Onu özümlə götürdüm, yaşadığım yataqxanaya gətirdim. Amma inanın, işsiz vəziyyətdə, heç uşaqpulunu da ala bilmirəm. Mən də istəyirəm, övladım yaxşı yesin, tox olsun, geyinsin. Sağ olsunlar, dünən polislər bez-filan almışdılar. Amma hara qədər? Böyrəklərim də xəstədir".
 
35 yaşlı qadın bildirib ki, övladını uşaq evinə deyil, övladlığa vermək istəyir, bu məqsədlə qeydiyyatda olduğu rayonun icra hakimiyyətinə müraciət edəcək. O, həmçinin deyib ki, problemləri ilə əlaqədar dəfələrlə uşaqların atalarına müraciət edib, hətta telekanallardan birinin efiri vasitəsi ilə çıxış edib. Lakin kimsə ona kömək etməyib.
 
Qeyd edək ki, İ.Məmmədova Xətai rayonunda yataqxanalardan birində yaşayır. Onun dünən küçəyə atdığı Yusifin martın 5-də 2 yaşı tamam olacaq.

Google+ WhatsApp ok.ru