Vətəndaşları aldadan tikinti şirkətlərinin sayı artıb

Prezident Administrasiyasına tikinti sahəsindəÿmaaşların verilməməsi, eyni mənzilin bir neçə nəfərə satılması ilə müşayiət olunan dələduzluqlar barədə daxil olan şikayətlərin sayı getdikcə artır. Deyəsən, hökumət nəhayət, bu qəbildən olan şikayətləri araşdırmaq qərarına gəlib.
 
Vətəndaşların daha çox şikayətçi olduğu şirkətlər arasında “Yeni Yasamal”, “Badu-Kubə”, “Şərur”, “Əzizbəy-KM”, “Xəmsə”, “Birlik”, “IN Eksklüziv Servis”, “Safari-N”, “ANT-E”, “Meqa Siti Holdinq”, “Ulduz-S”, “Ilin dörd fəsli”, “Fuad”, “Feba”, “Bərəkət-Inşaat”, “Araz T.I.”, “Dərəçiçək”, “Turac AF”, “Olimp”, “Zirvə”, “Olimpus-Az”, “Cavad”, “Bulaq-2″, ”Rahatlığın Məkanı”, “I.N.V.”, “Folklor”, “Rahat”, “RT LTD”, “Azər ATF”, “Avanqard” kimi MTK, MMC və şirkətlərin adları var. Bundan başqa, hüquq-mühafizə orqanları tərəfindən “Həsən-96″, ”Azər-Ross IK”, “Sahil-D”, “Şaiq”, “Ələsgəroğlu-K”, “Şahbulaq”, “Afşaran”, “Oskar”, “Şəfəq”, “Kosmos”, “Elita-R”, “Vedi-E”, “Kamran-B.Ə.”, “Qafqaz MTZ”, “Real”, “Sahil”, “RUH”, “196 saylı”, “200 saylı”, “Ayla”, “Hasil”, “Dağlar”, “RRR” MTK-lar, “Oskar-Qrup”, “Muray”, “Repair House” MMC-lər, “Günəş Holding” və digər şirkətlərin fəaliyyətində olan nöqsanlar araşdırılır.
 
 
Tikinti şirkətlərində olan belə qanunsuzluqlar, nöqsanlar zaman-zaman gündəmə gəlib. O da bəllidir ki, tikinti şirkətlərinin arxasında əsasən, məmur-oliqarxlar dayanır. Prezident Administrasiyasında da tikinti şirkətlərinin yol verdiyi belə nöqsanların  kütləvi hal aldığı təsdiq edilir. Görəsən, vəziyyətin bu həddə çatmasının səbəbi nədir? Vətəndaşların aldanmaması, bu faktların təkrarlanmaması üçün  nə etmək gərəkir?
 
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Müzəffər Baxışov deyir ki, vətəndaşların aldanmaması üçün münbit şərait olmalıdır. Belə bir şəraitin olmadığını deyən hüquqşünas vətəndaşlara iş gördükləri şəxslərin şifahi vədlərinə inanmamağı tövsiyə edir: “Vətəndaşlar elə etməlidir ki, gələcəkdə onların etibarından sui-istifadə edib aldatmasınlar və hansısa şirkət əmlaklarını əllərindən almasın. Belə bir vəziyyət artıq adi hal alıb. Tikinti şirkətləri və digər sektorların nümayəndələri başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliklərini qurmaq istəyirlər.  Bu məsələ artıq bir əxlaq prinsipinə çevrilib. Ona görə də onun qarşısını almaq üçün insanlar ehtiyatlı olmalı və şirkətlərin hüquqa, qanuna söykənməyən vədlərinə aldanmamalıdır. Vətəndaşlar həmin şirkətlərə pul verməməlidir. Indiki vəziyyətdə bir çox dəyərlər ilkin formasını itirib. Yalnız hər bir şəxs öz əmlakını qorumalıdır. Insanlar öz əmlaklarını qorumağa cəhd göstərməlidir ki, onları aldatmasınlar”.azadliq.info /
 

Google+ WhatsApp ok.ru