Uşaq bağçası biznesi: Qiymətlər kasıbın “əlini yandırır”

Azərbaycanda uşaqların məktəbəqədər təhsillə təmin olunması problem olaraq, qalmaqdadır. Bir tərəfdən dövlət bağçalarında həddindən artıq sıxlıq yaşanır. Digər tərəfdən isə özəl bağçaların qiymətləri “əl yandırır”. 
 
İstənilən özəl bağçanın qiyməti Azərbaycan əhalisinin orta aylıq əmək haqqından çoxdur. Yeni açılan uşaq bağçalarının əksəriyyətində qiymətlər 400-500 manat arasında dəyişir. 
 
Görünən odur ki, manatın devalvasiyasından sonra bütün sahələrdə xidmətlərin bahalaşması bu sahəyə də təsirsiz ötüşməyəcək. Qiymətləri daha dəqiq öyrənmək üçün bir neçə özəl uşaq bağçası ilə əlaqə saxladıq.
 
Qeyd edək ki, “Happy babies” və “Miki Maus” uşaq bağçalarında bir uşaq üçün xidmət haqqı aylıq  500 manat təşkil edir. “Çeburaşka” uşaq bağçasında 400 manat, “Happy kids” uşaq bağçasında 350, “Mauqli” uşaq bağçasında 300-350 manat, “Cücələrim” uşaq bağçasında 300 manatdır. 
 
Bu qiymətlər orta səviyyəli azərbaycanlı ailəsinin büdcəsinə uyğun olmasa da, imkanlı insanlar üçün əlçatandır. Qiymətə uşağın gün ərzində 5 dəfə qidalanması, xarici dil, rəqs, musiqi, idman dərnəklərinə cəlb edilməsi də daxildir. Xarici adları ilə tanınan bağçaların əksəriyyətində təhsil rus dilindədir. Xarici dil kimi isə ingilis dili öyrədilir. 
 
Musavat.com-a açıqlamasında Azərbaycanda məktəbəqədər təhsilin problemlərindən danışan Uşaq Hüquqları Alyansının rəhbəri Nazir Quliyev bildirib ki, özəl bağçalarda qiymətlər sadə insanlar üçün əlçatan deyil: “Mən heç də bu fikirlə razı deyiləm ki, özəl bağçalarda xidmət səviyyəsi daha yaxşıdır. Dövlət bağçalarında uzun illər çalışmış təcrübəli kadrlar var. Özəl bağçalar isə çox az resurslarla daha çox uşağa xidmət etmək istəyirlər. Buna görə də problem ondan ibarətdir ki, bizdə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı çox azdır və bu da dövlət bağçalarında olan sıxlıq səbəbindəndir. Digər tərəfdən bölgələrdən Bakıya kütləvi şəkildə axın var, bu da bağçalara tələbatı artırır. Başqa bir problem ondan ibarətdir ki, uşaq bağçalarında olan sıxlığı azaltmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən günərzi mərkəzlər yaradılmalıdır və sosial baxımdan imkansız olan ailələrin uşaqları burada məktəbəqədər təhsillə təmin olunmalıdır. Artıq Azərbaycanda 11 rayonda bu cür mərkəzlər yaradılıb. Bu, sosial ehtiyacı olan ailələr üçün bağça funksiyasını əvəz edir”. 
 
Ekspertin sözlərinə görə, övladlarının bağçaya qoyulması ilə bağlı insanların öz büdcələrinə uyğun seçim imkanları məhdud olur: “Bakının elə rayonu var ki, orada 10 uşaq bağçası var, ancaq tələbat elə də böyük deyil. Ancaq bəzi rayonlarda əhali daha sıx məskunlaşıb, orada bağça azdır. Bu da özəl bağçalar üçün meydan açır. Lakin bəzən özəl bağçaların fəaliyyəti bir kampaniya xarakteri daşıyır. Uşaq baxıcılığı sahəsində təcrübəsi olmayan insanlar uşaq bağçaları açırlar. Onlar fəaliyyəti uşaqlara xidmət deyil, biznesdir”.
 
Özəl bağçalarda qiymətlərin həddindən artıq yüksək olmasına da toxunan N.Quliyev bu sahədə dövlət tərəfindən tədbirlərin görülməsinin vacibliyini vurğuladı: “Ölkədəki minimum əməkhaqlarını və orta gəlir səviyyəsini nəzərə alsaq, özəl bağçaların qiyməti olduqca bahadır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda əhalinin tələbatı çox böyükdür, bu qiymətlər əksər insanlar üçün əlçatan deyil. Rəsmi statistikaya görə, Azərbaycanda məktəbəqədər təhsillə təmin olunan uşaqların sayı 25 faizdən yuxarı deyil. Ona görə də, daha çox bağçalara tələbat var. Özəl bağçalar da bundan istifadə edir və biz bu qiymətləri adekvat hesab etmirik. Bu qiymətlərin nisbətən yumşaldılması üçün özəl uşaq bağçalarına dəstək konsepsiyası olmalıdır. Məktəbəqədər təhsilin inkişafı üzrə konsepsiya olmalıdır və orada uşaq bağçalarına edilən dəstək də öz əksini tapmalıdır. Məsələn, bu, maliyyə dəstəyi formasında da həyata keçirilə, hansısa kreditləşmə formasında da ola bilər. Və ya bağça açmaq istəyən insanları müvafiq bina ilə təmin edib, onların cəhdlərini stimullaşdırmaq olar. Çünki bağça açmaq istəyən şəxslər də pul qazanmaq istəyir və onların fəaliyyətini də stimullaşdırmağa ehtiyac var. Qiymətlərin baha olmasına səbəb Bakıda yerin baha olmasıdır. Şəhərin mərkəzində yerlər daha bahadır. Digər resurslar da çox bahadır. Bu səbəbdən dəstək konsepsiyası olmalıdır. Bağçalar vergilərdən azad oluna bilər, lisenziyalaşma məsələsinə rüsumlar azaldıla bilər. Ölkədə yeni bağçaların açılmasına böyük ehtiyac var. Bu baxımdan güzəştlər olmalıdır ki, təklif də artsın. Bu da qiymətlərin tənzimlənməsinə gətirib, çıxaracaq”. musavat /

 

Google+ WhatsApp ok.ru