“Siyasi məhbuslara azadlıq!” aclıq aksiyası dayandırıldı

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
 
Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, iclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
 
“Siyasi məhbuslara azadlıq!” tələbi ilə keçirilən aclıq aksiyasının artıq 7-ci gününün davam etdiyini nəzərə alaraq, dayandırılması barədə aclıq aksiyası keçirənlərə müraciət edilməsi qərara alınıb.
 
Divan aclıq aksiyasını bu müddət ərzində davam etdirən Şakir Abbasova, Rauf Ağaya, Niyaz Nəsirliyə, Rüfət Baxışbəyliyə və regionlarda aclıq aksiyasına bir günlük dəstək kampaniyasına qoşulanlara təşəkkür bildirib.
 
Xətai və Nizami rayon təşkilatlarında keçirilən Şura iclasları barədə məlumat dinlənilib.
Müsavat Partiyasının Mərkəzi Qərargahında 22 may 2015-ci il tarixdə saat 17.00-da Nərgiz Yaqublunun anım tədbirinin keçirilməsi qərara alınıb.
 
Divanda 14 may 2015-ci il tarixdə Müsavat Partiyası başqanı Arif Hacılının siyasi məhbuslarla, ölkədə ictimai-siyasi vəziyyətlə, Avropa Oyunları və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransı təqdir olunub.
 
Divan üzvləri Müsavat Partiyasının siyasi qurumların indiki formatında və qabaqcadan mövzu razılaşdırılmadan iqtidarın siyasi təşkilatlarla keçirdiyi görüşdə iştirak etməməsini düzgün siyasi addım kimi qiymətləndirib.
 
Yığıncaqda 21-22 may 2015-ci il tarixdə Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində Azərbaycan nümayəndə heyətinin yüksək dövlət səviyyəsində təmsil olunmasının, dövlət maraqlarına uyğun olaraq “Şərq tərəfdaşlığı” təşəbbüsü istiqamətində real fəaliyyətin davam etdirilməsinin vacibliyi bir daha vurğulanıb. 
 
Divanda Müsavat Partiyasına yeni qəbul edilən üzvlərə partiya vəsiqəsi verilib.
Sonda cari məsələlərə baxılıb. 

Google+ WhatsApp ok.ru