«Uşaqlarımız repetitor yanına gedirsə...»

«Uşaqlarımız repetitor yanına gedirsə...»

Modern.az saytında «Uşaqlarımız repetitor yanına gedirsə, orta məktəb nə üçündür?!» sualı gündəmə daşınır.
 
Müəllif məktəblilərin repetitor xidmətindən istifadə məsələsini təhsil sahəsi üzrə ekspert Kamran Əsədovla təhlil edib.
 
Yazıda bildirilir ki, hazırda şagirdin repetitorsuz tələbə adı qazanması çox çətindir: «Aylıq əməkhaqqı onsuz da aşağı olan müəllim özünün maliyyələşməsini dərsdən əlavə uşaq hazırlamaqla təmin edir. Repetitorluq Azərbaycan müəlliminin əsas qazanc yeridir desək, yəqin ki, yanılmarıq. Qazanc isə heç nədən olmur. Təbii ki, bu zaman müəllim enerji və sağlamlığını sərf edərək, əlavə pul qazanmağa çalışır».
 
Repetitor yanında hazırlıqla bağlı qiymətlərə gəlincə, müəllif qeyd edir ki, ibtidai və 5-6-cı sinif şagirdlərindən ötrü hazırlıqlar həftədə iki dəfə olmaqla 50 manat, həftədə 3 dəfə olmaqla isə 70 manatdır.
 
Yazıda bildirir ki, 10-11-ci sinif şagirdlərinə isə bir fənn üzrə əlavə təhsil 70-80 manatdır və söhbət qrupda 1-2 yox, ən azı 20-30 şagirddən gedir: «Nəzərə alsaq ki, orta hesabla hər şagirdi 50-70 manata hazırlaşdırırlar, bu, ayda təxminən 1000-15000, 1400-2100 manat deməkdir. Üstəlik vergisiz, filansız...Əgər siz müəllimin övladınızla fərdi məşğul olmasını istəyirsinizsə, o zaman ayda ən azı 100 manatınızdan keçməlisiniz».
 
Ekspert K.Əsədov isə sayta bildirir ki, repetitorluq son 25 ilin ən yayğın əmək fəaliyyəti növüdür: «Etiraf edək ki, hazırda əksər müəllimlər dərsdən əlavə müəllimliklə - repetitorluqla məşğul olur. Bu sahədə apardığımız araşdırmalar onu göstərir ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmalara bir növ sövq etmiş olurlar…».
 
K.Əsədov hesab edir ki, hazırda ən acınacaqlı vəziyyət xarici dillərin tədrisi ilə bağlıdır.
 

Google+ WhatsApp ok.ru