Ukraynada silsilə qətillər davam edir, hədəf müxaliflərdir

Kiyevdə hökumət ilə müxalif olan siyasətçilər və jurnalistlərin mütəşəkkil formada qətlə yetirilməsi əməliyyatı davam edir.
 
Maide.az "La-Republica" qəzetinə istinadla verdiyi məlumata görə, bir italyan jurnalist bu qətillərin məqsədyönlü şəkildə həyata keçirildiyini yazıb. 
 
Belə ki, bu silsilə qətillərin davamında aprelin 16-da məşhur ukraynalı yazıçı və jurnalist, “Seqodnya” qəzetinin keçmiş şef-redaktoru Oles Buzina yaşadığı evin qarşısında qətlə yetirilib.
 
Euronews telekanalı xəbər verir ki, jurnalistə tünd mavi rəngli Ford Fokus markalı avtomobildən atəş açılıb. Oles Buzinanın qətlində istifadə olunan avtomobilin artıq tapıldığı bildirilir.
 
Qeyd edək ki, aprelin 15-də Ukraynanın keçmiş başçısı Viktor Yanukoviçin silahdaşı, “Regionlar partıyası”ndan Ali Radanın sabiq deputatı, “antimaydan” hərəkatının təşkilində iştirak edən Oleq Kalaşnikov da öz mənzilinin qapısı qarşısında öldürülmüşdü.
 
Oleq Kalaşnikovdan iki gün əvvəl – aprelin 13-də isə Rusanovsk bağları mikrorayonunun küçələrinin birində ProUA və “Obkom” internet nəşrlərinin qurucularından biri jurnalist Sergey Suxobokun cəsədi tapılmışdı.
 
Ukrayna Prezidenti Petr Poroşenko bütün qətllərin operativ təhqiq olunmasını tələb edib.
 
İnterfaks agentliyinin məlumatına görə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Oleq Kalaşnikov və Oles Buzinaya müxtəlif silahlardan atəş açılsa da, hər iki qətl eyni sxem üzrə həyata keçirilib. 
Xatırladaq ki, ötən 3 ay ərzində Ukraynada sabiq hökumətə yaxınlığı ilə tanınan insanlardan artıq 8 nəfəri qətlə yetirilib.

Google+ WhatsApp ok.ru