Unudulmuş kənd sakinləri

Unudulmuş kənd sakinləri

 
Kənd daşqına məruz qalıb, sakinlərin mal-qarası tələf olub
 
Yaylağa, qışlağa elə haqq qoymayıblar ki, ondan nəsə artırıb sığortaya verək
...Bu kəndə iki yol gedir; biri camaatın gündəlik istifadə etdiyi, digəri isə kənd camaatının deməsinə görə, imkanlı şəxslərin villalarına gedən yol. Sel daşqınları nəticəsində kənlilərin istifadə etdikləri yol tamamilə dağılıb. Digər yol isə salamat qalıb.
 
Qəbələnin Laza kəndinin sakinlərinin narazılıqları təkcə, hökumətin kəndə çəkdiyi keyfiyyətsiz, dirəksiz yoldan deyil. Onlar təsərrüfatlarına, evlərinə dəyən zərərdən də narazılıq edirlər. Deyirlər, hələ bu günə qədər bir nəfər rəsmi nümayəndə qapılarını döyməyib. Onlara dəyən zərərlə maraqlanan yoxdur.
 
Taleyimiz kiçik bir zəlzələyə bağlıdır
Minayə Məmmədovanın yaşı 70-i ötüb. Deyir, necə ki, bir neçə il öncə zəlzələ zamanı uçmuş evini özü təmir edib, sel daşqınları zamanı məhv olan mal-heyvanın dərdini də tək çəkməli olub: "Kimdir halıma yanan? Arxamda duran normal dövlətim var ki, gəlib mənimlə birgə dərd çəksin? Heç nə demirəm, elə bircə dəfə qapımı döyüb, halımı soruşaydılar".
Minayə Məmmədova deyir ki, təkcə, onun sürüsündən 10 qoyunu sel aparıb. Kəndin digər ailələrində də vəziyyət oxşardır: "Dolanışığı qoyundan, süddən, pendirdən çıxan bir ailə üçün bilirsiniz, bu, nə deməkdir? Elə bilin ki, belimiz qırılıb. Təkcə mal-heyvanla da bitməyib zərərimiz. Baxın, uçurum evimizin kandarına dirənib. Taleyimiz bir kiçik zəlzələyə bağlıdır. Onunla da uçurumdan kəllə-mayallaq olacağıq. Yolu genişlədələr, dirəklər qoyub, bəndlər salalar, biz də rahat yataq. Baxan yoxdur".
 
 
Nə gələn var, nə gedən
Laza sakini Qalib Əliyev isə deyir ki, illərdir belə güclü sel görməmişdilər. Axırıncı dəfə 5-6 il əvvəl daşqın olub. Ancaq bu dəfəki lap dəhşətlidir: "Kəndə çox ziyan dəyib. Sel gecə səhərədək davam etdi. Hər yeri məhv etdi, bizi yaman günə qoydu. Bir həftəyəcən işıq olmadı".
 
Qalib Əliyevin deməsinə görə, sel onların sürüsündən də yan keçməyib. 10-15 qoyunlarını aparıb: "Bilirsiniz, bizim üçün, bu, nə qədər böyük itkidir? Dağ kəndidir, əkin yox, biçin yox. Dolanışıq mal-heyvandan çıxır. Bu qədər zərərin qarşılığında maraqlanan da yoxdur. Kəndə nə gələn var, nə gedən".
 
Nə bələdiyyə, nə də kənd soveti maraqlanır bizimlə
Sakinlər deyirlər ki, gələn sel mal-heyvanla birgə kənddəki ziyarətgahları, qəbristanlığı da yuyub aparıb:
 
"Aşağıda olan çayxana, restoran, ziyarətgah - hamısı tökülüb çayın içinə. Bununla belə, maraqlanmırlar ki, yolları bu günə qoyan sel, bəlkə yuxarıdakı kəndləri dağıdıb? Bəlkə camaat qırılıb, yoxdu? Daha bunlardan keçib, barı kəndin yollarına bir barı kəndin yollarına bir əncam çəksinlər. Uçurum evimizə gəlib çatıb. Nə bələdiyyə, nə də kənd soveti maraqlanır bizimlə", - deyir, sakinlərdən Könül Məmmədova.
 
Şəhərdə bizim vəziyyətimizi danışın, bilsinlər
Sel daşqınları Elmira Hacıyevanın təsərrüfatından da yan keçməyib. İki inəyini aparıb. Deyir, kənd dağlıq olduğundan əkin-biçinlə məşğul ola bilmirlər: "Heç nə bitmir. Qayalıqdı, dağlıqdı. Hamımız heyvan ümidinəyik. O da belə. İnanın zəlzələdə dağılan evlərimizi də özümüz təmir etdik. Onunla da maraqlanan olmadı. İndi də ailə təsərrüfatımıza ziyan dəyib. Bununla da maraqlanan yoxdu. Gedin orda, şəhərdə bizim vəziyyətimizi danışın, bilsinlər. Yoxsa, təmiz unudulmuşuq".
 
Kənd sakinləri bulaq başında
 
Dövlət bizimlə maraqlanmır
Minayə Məmmədova deyir, bəlkə də fikirləşirlər, 10-15 heyvan nədir ki, ağlayırıq. Fikirləşə bilərlər, çünki onun hansı çətinliklə başa gəldiyindən xəbərsizdirlər:
 
"Əvvəla, o 15 qoyun 30 olacaqdı. Bundan başqa, onu nə çətinliklə böyütmüşük biz. Altını təmizlə, iynəsi, dərmanı, yemi var. Hər il Kürdəmir zonasına yaylağa aparırıq. İcra həmin torpaqlara görə bizdən ayda 1500-2000 manat alır. Sürü nə qədər böyükdürsə, bir o qədər çox ödəyirsən. Görün, biz nə qədər əziyyət, xərc çəkirik. Aylarla evimizdən uzaqda qalırıq, soyuq, isti demədən çalışırıq. Sonra da sel gəlir aparır. Aparsın ey, təbii fəlakətdi, hamının başına gələ bilər. Ancaq dövlət bizimlə maraqlanmır. Bizim vəziyyətimizdən halı olan yoxdur".
 
2012-ci ilədək dövlət büdcəsindən dağ ərazilərində selə qarşı tədbirlərin həyata keçirilməsi ilə bağlı vəsait ayrılırdı. Bununla daşqın, sel zamanı təsərrüfatlara, kəndlərə dəyən zərər qarşılanırdı. Sonradan hər il dövlət büdcəsindən kənd təsərrüfatı sektorunun, o cümlədən, əkin sahələrinin sığortalanması məqsədilə 1 milyon manat vəsait ayrılmağa başlandı.
 
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Azadlıq Radiosuna deyib ki, fermerlər sığorta şirkətləri ilə müqavilə bağlamağa meyilli olmadıqlarından, bu vəsaitin az bir hissəsindən istifadə olunur.
Qüvvədə olan qaydalara görə, sığorta şirkəti ilə müqavilə bağlayan təsərrüfat sığortanın 50 faizini ödəyir. Qalan vəsaiti isə onun əvəzindən dövlət ödəyir. Təbii fəlakət baş verdikdə, sığorta şirkəti dəymiş zərəri ödəyir.
 
Lazanın girişi
Lazanın girişi.
 
Əhali ilə görüşüb, təsərrüfatlarına dəyən ziyana görə onlara maddi dəstək vermişik
Laza sakinləri bu sığortadan da xəbərsizdir. Heç kim malını-hevanını, evini, həyət-bacasını sığortalatmayıb. Deyirlər, ümumiyyətlə, bu barədə onları məlumatlandıran olmayıb. Elə Qəbələ Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Zahir Kərimov da deyir ki, dövlət vətəndaşlara dəyən zərəri qismən qarşılaya bilir. Hər bir vətəndaş öz təsərrüfatını sığortalanmalıdır ki, təbii fəlakət zamanı ona dəyən zərəri qarşılasınlar:
 
"Biz mütəmadi olaraq həmin bölgədə olmuşuq. Yolların təmir-tikinti işlərini həyata keçirmişik. Əhali ilə görüşüb, təsərrüfatlarına dəyən ziyana görə onlara maddi dəstək də göstərmişik. Yəni, əlimizdən gələni etmişik. Elə yol təmiri nəyə desəniz dəyər. Bu, asan məsələ deyil. Yeni təmirdən çıxmış ərazilər idi. Sel daşqınları zamanı təmiz sıradan çıxmışdı. Biz həmin körpülləri, yolları yenidən təmir etdik. Tezliklə bütün problem həll olunacaq".
 
Kənd sakini Könül Məmmədova deyir ki, mal-heyvanla məşğul olmaq asan iş deyil. Kaş ki, kəndlinin tək dərdi, yem, dərman və heyvana qulluq etmək olardı:
 
"Yaylağa, qışlağa elə haqq qoymayıblar ki, ondan nəsə artırıb sığortaya verək. Bilmirik öz balalarımıza gələcək quraq, yoxsa onların qarnını doyuraq. Vallah, bizdən hər gələn pul istəməsə, bəy balası kimi dolanarıq. İmkan vermirlər. Biz ölmüşük, ağlayanımız yoxdur". (meydantv) /
 
Laza

Google+ WhatsApp ok.ru