`Uğur dastanı`

`Uğur dastanı`

Azadliq.info saytında "Uğursuzluq bolluğunda "uğur" tapıntısı" sərlövhəli məqalə oxumaq olar. Yazıda bu günlər ABŞ və Rusiya hərbi liderlərinin Bakıda keçirilən görüşünün rəsmi təbliğatda Azərbaycanın uğuru kimi təqdim edilməsi dəyərləndirilir.
 
Müəllif qeyd edir ki, hakimiyyəti müdafiə edənlər, bir qayda olaraq, "müxalifət hər şeyi qara rəngdə görür, uğurları görmür" ittihamlarına ara vermirlər: "İstəyirlər ki, manatın 150 faiz dəyər itirməsini, ərzaq məhsullarının 50 faiz bahalaşmasını, kommunal xərclərin sürətlə artmasını görməzdən gələk. Əvəzində 10 manat maaş artımına sevinək, Lapshin-in ölkəyə gətirilməsini bayram edək, 24 il öncə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə görə hökumətə tərif yağdıraq".
 
Müəllif hesab edir ki, 116 manat minimum əməkhaqqı alan vətəndaşın qara gününü kənara qoyub, Lady Gaga-ya 1 milyon dollar qonorar verilməsini "ağ rəng" kimi qəbul etmək olmaz: "Bir neçə gündür telekanallar, rejim mətbuatı, sinəsi medallı ağsaqqallar iki generalın ölkəyə gəlməsini bayram kimi qeyd edirlər. Sən demə, ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Joseph Dunford-la Rusiya Federasiyasının baş qərargah rəisi Valery Gerasimov-un Bakıda görüşməsi uzaqgörən siyasətin nəticəsiymiş".
 
Müəllifə görə, ölkədə uğursuzluq o qədər çoxalıb ki, hakimiyyət hansısa bloqqerin tutulmasını, iki nəhəng ölkənin hərbi liderinin görüş yeri kimi Bakını seçmələrini toy-bayram kimi təqdim edir.
 
Yazıda vurğulanır ki, həmin generallar Azərbaycanın problemlərini çözməyə gəlməmişdilər: "Biz bu görüşün Azərbaycanda keçirilməsini mənfi saymırıq, sadəcə, bundan böyük uğur dastanı düzəldib, cəmiyyətə yalançı ümidlər verməyin əleyhinəyik".
 
Müəllifə görə, Qarabağ münaqişəsinin həllinə məhz Rusiya əngəl törədir. Yazıda qeyd edilir ki, hər gün Rusiyadan Bakıya 8 general gəlsə belə, bunun Azərbaycana xeyri olmayacaq. /

Google+ WhatsApp ok.ru