`Uzaq Şərq` gəmisində ölən azərbaycanlıların meyitləri Azərbaycana göndərilib

Cəsədlər təyyarə ilə Saxalindən Moskvaya, oradan isə Bakıya göndərilib 
 
Oxot dənizində "Uzaq Şərq" adlı balıqçı gəmisinin  batması nəticəsində ölən üç azərbaycanlının cəsədi Azərbaycana göndərilib. Bu barədə APA-nın Moskva müxbirinə Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmov bildirirb. Onun sözlərinə görə, ölən azərbaycanlılar- Məhəmməd Səfərov, Muradəli Məhərrəmov və Fazil Şəkərovun cəsədləri Saxalindən təyyarə ilə Azərbaycana yola salınıb: "Saxalindən Bakıya bir başa təyyarə reysi olmadığı üçün cəsədlər təyyarə ilə Moskvaya, oradan aprelin 10-da gecə saat 00:10 reysi ilə Bakıya göndərilib".
 
Nazir Hətəmov ölən Fazil Şəkərovun Bakıda, Məhəmməd Səfərovun Naxçıvanda, Muradəli Məhərrəmovun Zaqatalada dəfn olunacağını söyləyib.
 
Qeyd edək ki, oxot dənizində “Uzaq Şərq” adlı balıqçı gəmisinin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilib. Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü - Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqov xilas ediliblər. Digər üç nəfər - Məhəmməd Səfərov, Muradəli Məhərrəmov və Fazil Şəkərov isə boğularaq ölüblər.

Google+ WhatsApp ok.ru