Vətəndaş fəalının Azərbaycandan çıxmasına icazə verilməyib

Avqustun 12-də “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Elçin Məmməd “Qırmızı körpü” sərhəd keçid məntəqəsində saxlanılıb və onun ölkədən çıxmasına icazə verilməyib.
 
QHT rəhbəri 27-ci Herrsching Beynəlxalq Gənclər Seminarında iştirak etmək üçün Almaniyaya səfər etməliydi. Bu barədə Turan-a Elçin Məmməd özü məlumat verib.
 
“Sərhəd- keçid məntəqəsində məni saxladılar və bildirdilər ki, ölkədən çıxmağıma qadağa qoyulub. Sərhəd Xidmətindən pasportumu qaytarmadılar və konkret hansı qurum tərəfindən bu qadağanın qoyulduğunu da demədilər”, - o bildirib.
 
Xatırladaq ki,  Elçin Məmməd mayın 29-da Avropa Şurası Parlament Asambleyasının sesiyasından qayıdarkən hava limanında saxlanılaraq polisə təhvil verilib. Həmin gün Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində 12 saat saxlanılıb. Hüquq müdafiəçisi ötən həftə yenidən həmin idarəyə çağırılıb və Front Line Defenders beynəlxalq hüquq- müdafiə təşkilatının Azərbaycanın XİN-nə verdiyi sorğusunun araşdırılması ilə bağlı dindirilib.   
 
Bundan əvvəl isə E.Məmməd bir qrup QHT-yə açılmış cinayət işi ilə əlaqədar dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib və rəhbərlik etdiyi QHT-nin bank hesablarına həbs qoyulub.

Google+ WhatsApp ok.ru