Vahid Məhərrəmov: “Valyuta azlığı ölkədə ciddi məhsul qıtlığı yarada bilər”

Bu gün ölkənin idxal etdiyi məhsullar, ixrac etdiyi məhsulları ciddi şәkildә üstələyir. Bu isə ölkənin ərzaq təhlükəsizliyi üçün çox neqativ bir amil kimi dəyərləndirilir. Ekspertlərin fikrincə Azərbaycan heç bir ərzaq məhsulu ilə özünün 100% təmin edə bilmir. Hətta bəzi məhsullar tamamilə xaricdən idxal edilir. Bu gün ölkəyə ciddi şəkildə idxal edilən məhsullar arasında şəkər də var. Belə ki, cari ilin aprel ayında Ukrayna şəkərinin əsas satış bazarı Azərbaycan və Moldova olub. Azərbaycan ötən ay ərzində bu ölkədən 622 ton şəkər idxal edib.
 
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, ölkədə şəkər çuğunduru istehsal etmək, onu emal etmək və ondan yüksək keyfiyyətli şəkər əldə etmək üçün bizim kifayət qədər resursumuz, potensialımız var: “Biz illərdir ki, hökuməti bu istiqamətdə xəbərdarlıq edirdik. Azərbaycan şəkər istehsalı ilə bağlı sistemli bir təsərrüfat sistemi qurmayıb. Bu da onunla bağlıdır ki, xammal ölkə daxilində istehsal olunmalıdır, onun emalı həyata keçirilməlidir. Azərbaycanda çox münbit şərait var. Şəkər çuğunduru istehsal etmək, onu emal etmək və ondan yüksək keyfiyyətli şəkər əldə etmək üçün bizim kifayət qədər resursumuz vә potensialımız var. Məhz bu istiqamətdə formalaşmaq lazım idi ki, həm ölkə daxilində xammal istehsal olunsun, həm də emal edilərək keyfiyyətli məhsul əldə edilsin. Hökumət isə xammalı xaricdən idxal etdi. Ölkədə yalnız emalı həyata keçirtdi. Son zamanlar da məlum olduğu kimi devalvasiya baş verdi. Bu gün devalvasiya səbəbi ilə xammalı ölkəyə idxal etmək sərfəli deyil. Bu səbəbdən də xammal idxalı azalır. Xammal idxalı azalanda və ölkədə şəkər istehsalı düzgün qurulmadığu üçün ölkəyə hazır məhsul idxal edilir. Bu baxımdan bəzi məhsullarla bağlı ölkənin idxalı artıb.
 
Bu ilk növbədə valyuta gəlirlərinin azalmasına təkan verən amildir. Valyuta gəlirləri azaldığı bir halda ölkənin xərcləri artır. Biz digər ölkələrdən ərzaq məhsullarını dollarla əldə etməyә mәcburuq. Hazırda bir çox məhsulla bağlı ölkə daxilində ciddi qıtlıq yarana bilər”.
 

Google+ WhatsApp ok.ru