Fiziki çətinliyi olanlar Bakı metrosunda sərbəst hərəkət edə bilirmi?

Bakı metrosunun mövcud 25 stansiyasının 23-də əlil araba istifadəçilərinə girişi qadağan edən işarə qoyulub

"Fiziki çətinliyi olan araba istifadəçiləri Sovet dönəmində tikilən metro stansiyalarından heç vaxt istifadə edə bilməyəcək, "Bakı Metropoliteni" QSC sözçüsü Nəsimi Paşayev BBC Azərbaycancaya deyib."

Azərbaycan Respublikasının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar tabeliklərində olan nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur qurğularını və obyektlərini öz vəsaitləri hesabına, əlilliyi olan şəxslərin (uşaqların) istifadəsi üçün uyğunlaşdırmalıdırlar.

Bakı metrosunun mövcud 25 stansiyasının 23-də fiziki çətinliyi olanlar üçün araba istifadəçilərinə girişi qadağan edən işarə qoyulub. İstifadəyə verilən yalnız son iki stansiyada araba istifadəçilərinin sərbəst hərəkəti üçün liftlər quraşdırılıb.

Araba istifadəçiləri deyir ki, əksər naziriklərdə, icra orqanlarında, hətta fiziki çətinliyi olan insanlarla aktiv təmasda olan qurumlarda da ehtiyacların nəzərə alınmaması onları "üzür".

Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yeni fəaliyyətə başlayan ictimai əhəmiyyətli obyektlərin çoxunda fiziki çətinliyi olanlar üçün girişin nəzərə alındığını deyir. Müstəqil ekspertlər isə bu tələblərin yalnız xüsusi seçilmiş layihələrdə nəzərdə tutulduğunu qeyd edirlər.

Gələcəkdə bənövşəyi xətt üzrə inşa olunan 12 metrostansiyaları əlil araba istifadəçiləri üçün müyəssər olacaq.

Qarabağ döyüşlərindən qayıtdıqdan sonra araba istifadəçisi olan İlham Məhərrəmli nə vaxtsa metroya daxil olub stansiyaları gəzmək istədiyini deyir.

Sonuncu istifadəyə verilən metronun yeni bənövşəyi xəttdə yerləşən Avtovağzal və Memar Əcəmi stansiyalarında araba istifadəçiləri üçün lift quraşdırılıb.

İlham Məhərrəmov metrostansiyaların çoxunda qadağanın hələ də mövcud olduğu bir vaxtda son iki stansiyada liftin qoyulmasında "məntiq görmür."

"Bu qadağa varsa, bunu aradan götürməmiş digər iki stansiyaya liftin quraşdırılmasının anlamı nədir", deyə İlham Məhərrəmli sual edir.

Metronun Avtovağzal stansiyasında araba istifadəçiləri üçün nəzərdə tutulan lift açılışın növbəti günündən etibarən işləmir, BBC Azərbaycancaya danışan araba istifadəçiləri deyib.

Əraziyə baş çəkən BBC Azərbaycanca müxbirinə danışan stansiya işçilərinin bəziləri liftdə aparılan təmir işləri ilə bağlı olaraq onun bir günlüyünə bağlandığını, bəziləri isə liftdə turniketin yerləşdirilməsi işinin tamamlanmaması ilə əlaqəli olduğunu deyib.

"Bakı Metropoliteni" QSC sözçüsü Nəsimi Paşayev isə bildirir ki, stansiyalar açıldığı gündən sonra arabalar "liftləri xarab etdiklərinə görə müvəqqəti bağlanmışdı". Hazırda liftlər tam işlək vəziyyətdədir və istənilən araba istifadəçisi bu xidmətdən yalnız bənövşəyi zolaq üzərindəki stansiyalarda rahat istifadə edə bilər.

"Liftdən istifadə etmək üçün növbətçiyə yaxınlaşmaq lazımdır və o açarla qapını açıb araba istifadəçilərinə liftdən istifadə etməyə kömək edəcək", qurum rəsmisi izah edir.

Nəsimi Paşayev əlavə edir ki, metronun Avtovağzal stansiyasından başlayan bənövşəyi xətt üzərində Qaraçuxura qədər davam edəcək daha 12 stansiya tikiləcək. Həmin xətt boyunca tikiləcək bütün stansiyalarda araba istifadəçiləri üçün "lift də olacaq".

"Bu xətt və bundan sonra tikiləcək ayrı-ayrı stansiyalarda bu lift nəzərə alınacaq", metropoliten rəsmisi bildirir.

Qeyd edək ki, Azərbaycan 2008-ci ilin oktyabrında BMT-nin Fiziki çətinliyi olan insanların hüquqları haqqında Konvensiyaya qoşulub. Konvensiya sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətin istənilən sahəsində tam iştirakının təmin edilməsinə, fiziki çətinlik əlamətinə görə ayrı-seçkiliyin ləğvinə, fiziki çətinliyi olan şəxslərin müdafiəsinə, onların insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsinə və bunun üçün səmərəli hüquqi mexanizmlər yaradılmasına yönəlib.

Google+ WhatsApp ok.ru