Vaksin sammiti: 7,4 milyard dollar yığılacaqmı

Vaksin sammiti: 7,4 milyard dollar yığılacaqmı

Londonda keçirilən qlobal vaksin sammitinin hədəfi potensial COVID-19 vaksinləri, eləcə də pandemiya səbəbindən dayandırılmış digər immunlaşdırma proqramlarına dəstək üçün 7,4 milyard dollar yığmaqdır.
 
Qlobal Vaksin Alyansı (GAVI) bu sammiti iyunun 4-də başladır. Alyans və tərəfdaşları uşaqlar üçün qızılca və polio əleyhinə rutin peyvəndləməni də dəstəkləmək istəyir.
 
1 vs. 140 ölüm
 
Koronavirus pandemiyası onlarla inkişaf etməkdə olan ölkədə immunlaşdırma proqramlarını alt-üst edib. Dünya Səhiyyə Təşkilatının (DST) maliyyə mənbələrində isə boşluq yaranacağı gözlənir, çünki Birləşmiş Ştatlar qurumdan çəkildiyini elan edib.
 
GAVI-nin dəstəyilə bu yaxınlarda aparılmış bir araşdırmaya görə, Afrikada vaksin kampaniyalarının dayandırılması sayəsində qarşısı alınan hər bir koronavirus ölümünə vaksinlə önlənməsi mümkün xəstəliklərdən 140 ölüm düşür.
 
Hazırda onlarla şirkət və institut COVID-19-a qarşı vaksin axtarışındadır, bir neçə namizəd artıq sınaqdan keçirilir.
 
Bir çox səhiyyə ekspertinin fikrincə, vaksin 2021-ci ilədək, hətta ondan sonra da hazır olmaya bilər. DST hətta vaksinin heç vaxt əldə olunmayacağı xəbərdarlığını edib.
 
Ötən ilin sonunda Çində peyda olmuş yeni koronavirusdan dünya üzrə 386 minə yaxın insan vəfat edib, 6,4 milyon nəfərin yoluxduğu təsdiqlənib. Real rəqəmlərin isə daha yüksək olduğu bildirilir.
 
Artıq Avropa və Şərqi Asiyada bir çox ölkələrdə yoluxma və ölüm halları səngiyib, iqtisadiyyatlar mərhələlərlə açılır.
 
Latın Amerikası və Birləşmiş Ştatlar isə virusun cəngindən qurtara bilmir.
 
DST rəhbəri Tedros Adhanom Ghebreyesus deyib ki, Latın Amerikasının bir çox ölkələrində “epidemiyanın sürətlə yayılmasından” narahatdır.
 
Braziliyada ölü sayı 32 min 548 nəfərə, təsdiqlənmiş yoluxmalar 584 min 16 nəfərə çatıb.
 
ABŞ isə dünya üzrə həm yoluxma, həm də ölü sayına görə birincidir. Ölü sayı 107 min 99 nəfərə çatıb. Ştatlar son həftələr açılıma getdikcə ölkənin cənubunda və qərbində yoluxmalar da artır.
 
Çində 10 milyon nəfərin yaşadığı Vuhan şəhərində 19 günlük test kampaniyası aparılıb. Hakim orqanlar cəmi 300 pozitiv halın aşkarlandığını, heç birində simptomların üzə çıxmadığını bildirib.
 
Ötən il virus məhz bu şəhərdən yayılmışdı.
 
Çin ölkə üzrə indiyədək 82 min 22 yoluxmanın qeydə alındığını, onlardan cəmi 4 min 634 nəfərin vəfat etdiyini bildirir. Ancaq hökumətin statistikası və şəffaflıqla bağlı suallar qalır./azadliq.org
 

Google+ WhatsApp ok.ru