Xələcdəki məhkum üsyanı haqda yeni xəbərlər

Ombudsman Aparatı 5 saylı cəzaçəkmə müəssisəsində apardığı araşdırma haqda niyə məlumat vermir?
 
İyunun 6-da Ombudsman Aparatının bir qrup əməkdaşı Ədliyyə Nazirliyinin Salyan rayon Xələc qəsəbəsindəki 5 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. “Trend”in məlumatına görə, onlar həmin müəssisənin rəhbərlərinə əvvəlcədən məlumat vermədən dustaqların şikayətlərini araşdırıblar. Amma belə kütləvi şikayətin mahiyyəti və araşdırmanın nəticələri barədə hələlik rəsmi məlumat verilmir. 
 
Yada salaq ki, mayın 13-də Salyanın Xələc qəsəbəsində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilib, 10-dan çox məhkumu qara maskalılar döyə-döyə oradan çıxarıblar. Sonradan bəlli olub ki, məhkumları Bakıya, Binə qəsəbəsindəki Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə (“Tubzon”) aparıblar. Redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, cəzaçəkmə müəssisəsində rəhbərlik dəyişdirilib. Yeni rəisin tətbiq etdiyi sərt qaydalar məhkumlar arasında  ciddi narazılığa səbəb olub. Nəticədə müəssisə əməkdaşları ilə məhkumlar arasında mübahisə yaranıb, ciddi narazılıq olub. Məhkumlar elementar haqlarının tapdanmasına son qoyulmasını tələb etsələr də, qoşun yeridilməklə onların narazılığı zorakılıqla dəf edilib. Bundan sonra 10-dan çox məhkum “Tubzon”a köçürülüb. 
İndi Ombudsman Aparatının apardığı yoxlamanın həmin müəssisədə mayın 13-də baş vermiş kütləvi etiraz, yoxsa başqa hadisə ilə bağlı olduğu məlum deyil.
 
Bu barədə nə Ədliyyə Nazirliyi, nə də Ombudsman Aparatından rəsmi məlumat vermir. Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, onların əməkdaşları nə görüblərsə, onu Ədliyyə Nazirliyinə yazıblar: “Ombudsman Aparatının Milli Preventiv Qrupu işgəncələrə qarşı mübarizə ilə bağlı həbsxanaya yoxlamalara gedirlər. Nə görüblərsə, məlumatda yazılıb. Buna əlavə şərh verilmir.”
 
Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə hesab edir ki, Ombudsman Aparatı həbsxanalardan gələn şikayətlərlə bağlı ictimaiyyəti məlumatlandırmalıdır: “Praktika onu göstərir ki, Ombudsman Aparatının istər bu, istərsə də digər məsələlərlə bağlı təsir imkanları yoxdur. Bir neçə ay öncə 14 saylı CÇM-də məhbus Elşad Babayev işgəncə ilə öldürüldü. Bu işin araşdırılması ilə müəyyən qədər Ombudsman Aparatı da məşğul oldu. Ortaya heç bir nəticə çıxmadı”.
 
Qeyd edək ki, 5 saylı cəzaçəkmə müəssisəsindən qara maskalılar tərəfindən naməlum istiqamətə aparılanlar sırasında hicab məhbusları Surac Ağayev və Elimxan Hüseynov da var. Yada salaq ki, ötən ilin dekabrında 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olmuşdu. Bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilmiş, məhkumlar kütləvi şəkildə döyülmüşdülər. Onlardan 11 nəfəri “Tubzon”a köçürülmüşdü. O vaxt “Yeni Müsavat”a açıqlama verən məhkum İsa Yaqubovun anası Aynur Yaqubova “Tubzon”u Gestapoya bənzətmişdi. 
Sitat: “Elşad Babayevin öldürülməsindən sonra onları ”Tubzon"a köçürüblər. Ora işgəncə yeridir. Oranın rəisi Nizami Quliyev uşaqlara işgəncə verdirib. Onların əllərinə 4 qandal vurdurmaqla, 10 gün əli bağlı vəziyyətdə karsda saxlayıblar. 
 
10 gün ərzində tualetə getməklərinə belə şərait yaradılmayıb. Deyiblər ki, saxlandığınız yer elə tualetinizdir. Təsəvvür edin ki, o vəziyyətdə 10 gün uşaqlar qalıb. Üzləri havasız şəraitdə saxlandıqlarına görə şişkindir, rəngləri ağarıb. O qədər vurublar ki, İsanın ağzında dişləri qalmayıb. Belə Allahsızlıq olar? Belə müsəlmançılıq olar? Xocalıda, Şuşada azərbaycanlılara qarşı vəhşilik edən erməni ilə bu adamların arasında nə fərq var? Uşaqlarımızı “Tubzon”a döyməyə aparıblar, onları orada möhkəm döyüblər. Ora işgəncə zonudur. Məhkumun əlinə 4 qandal vurub döydürən  Nizami Quliyevdir. Ora gestapodur, bu da gestapo şefidir. Allah onu etdiklərinə görə heç bağışlamasın".
 
Məlum olmuşdu ki, vərəm olmayan məhkumları “Tubzon”a köçürüb onları əl-qolları bağlı vəziyyətdə döyüb işgəncələrə məruz qoyur, ağır şəraitdə saxlayırlar. Məhkumların yaxınlarının Azərbaycanda fəaliyyətdə olan Qırmızı Xaç Cəmiyyətinə, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə müraciətləri də cavabsız qalmışdı.  musavat  /

Google+ WhatsApp ok.ru