Xədicə İsmayıldan Leyla Yunusla bağlı mesaj

“Təcridxana rəhbərliyinə təklif edirəm ki, Leyla xanımı mənimlə bir kameraya salsınlar”

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşir. Ötən gün bu barədə onun vəkili Elçin Qəmbərov açıqlama yayıb. Vəkil Leyla Yunusun tibb məntəqəsinə köçürülmədiyini və oktyabrın 30-da alman həkim Vittin yazdığı dərmanların verilmədyini də söyləmişdi.
Leyla Yunusun səhhətindəki problem artıq həbsdə olanları narahat edir. Meydan TV-yə həbsdə olan digər xanım siyasi məhbus Xədicə İsmayılın mesajı daxil olub. Araşdırmaçı jurnalist deyib:
 
“Leyla xanımla bağlı xəbərlərdən çox üzülmüşəm. Əminəm, təcridxana rəhbərliyi deyəcək: “Leyla xanım yalan deyir”, ya da deyəcəklər ki, bizə aid deyil, kamerada nəsə problem yaşanıb. Buradakı qaydalara görə, 2 nəfər bir-biri ilə yola getmirsə, onları başqa kameralara ayırırlar. Amma Nuriyə adlı məhbusla olduğu kimi, başqa bir məhbusu da israrla Leyla xanımın yanında saxlayırlar. Deməli, özləri bu kameradaxili konflikti təşkil ediblər. Hətta əgər Leyla xanım haqsızdırsa belə (əminəm ki, bu, belə deyil), onu münaqişədə olduğu məhbusla bir yerdə saxlamamalı idilər.
Təcridxana rəhbərliyinə təklif edirəm ki, Leyla xanımı mənimlə bir kameraya salsınlar. Görək problem olur, ya yox. Onu da xatırladım ki, Leyla xanıma bir şey olsa, məsuliyyəti başda İlham Əliyev olmaqla hökumət və təcridxana rəhbərliyi daşıyır”. /

Google+ WhatsApp ok.ru