Xəstaxanasız, işıqsız Azərbaycan kəndlisinin etirazı

Tovuz rayonunun bir çox kəndləri Ermənistanla həmsərhəd ərazilərdə yerləşir. Bu amil də həmin kəndlərin sosial-iqtisadi inkişafına mənfi mənada təsirsiz ötüşmür.

Bu rayonda əhalinin əsas dolanışıq yeri əkin-biçin sahələridir. Ancaq sadə kənd adamlarının deməsinə görə, maddi vəziyyətləri imkan vermir ki, əllərində olan bu torpaq sahələrini əkib-becərsinlər.

Oradan məhsul götürsünlər. Üstəlik ziyanvericilər də əkin sahələrinə böyük zərər vurur. Bundan başqa rayonda suvarma ilə bağlı da ciddi problemlərin olduğu deyilir.

Ancaq bütün bunlar problemlərin hamısı deyil. Tovuz rayonunda enerji, qaz təchizatı sahəsində də problemlər var. Rayonun dağ kəndlərinin əksəriyyətində və aran kəndlərinin bir neçəsində hələ də qaz yoxdur. Elektrik enerjisi sərhəd kəndlərinə fasilələrlə verilir.


Xəstaxanasız, işıqsız Azərbaycan kəndlisinin etirazı

 

Qəribli kənd sakinlərinin şikayətləri...

Rayonun Qəribli kəndinin sakinləri elektrik enerjisinin verilməməsinin səbəbini rayon rəhbərliyinin biganəliyində görürlər. Sakinlər deyirlər ki, keçən ilin dekabr ayından işıqsız qalıblar.

 

 

Sakinlərdən Bayram Quliyev deyir ki, kəndə elektrik xətti 1964-cü ildə çəkilib:

"İşıq sarıdan zülm çəkirik. Xahiş edirik ki, bizə kömək edəsiniz. Şikayətimizi, problemimizi əlaqədar təşkilatlara çatdırasınız. Bəlkə bundan sonra transformatorumuzu təmir edələr və biz də elektrikdən normal istifadə edək. Problemimiz tək transformatorla bitmir. İşıq dirəklərinin yaşı 50-ni çoxdan keçib. Hamısı bərbad vəziyətdədir"

Xəstaxanasız, işıqsız Azərbaycan kəndlisinin etirazı

 

“Biz televizor üzünə həsrət qalmışıq”

Bu kəndin xəstəxanası da işləmir. Kənddə danışırlar ki, xəstələri olanda ya Gədəbəyə ya da Tovuza aparmalı olurlar:

“Biz yazığıq, burda dərənin dibində yaşayırıq. Xahiş edirik bizim qazımızı, işığımızı versinlər. Özümün 84 həyat yoldaşımın 91 yaşı var. Qaranlıqda çölə-bayıra çıxara bilmirəm . Biz televizor üzünə həsrət qalmışıq. Bilmirik rəhbər artım haqqında nə danışır? Unun kisəsi 30 manat olub, qəndin kilosu 2 manat.”

Bunu isə kənd sakini Xatın Qasımova deyir.

 

“Biz oxumaq istəyirik...”

Məktəb şagirdləri də dərslərin keçirilməməsindən şikayətlənirlər. Aydın Məmmədov:

“Məktəbin isitmə sistemi elektriklə olduğundan sinifdə donuruq. Müəllimlər də məcbur olub bizi evlərimizə buraxır. Biz oxumaq istəyirik, təhsil almaq istəyirik. Amma şam işığında alınmır, dərslərimizi hazırlaya bilmirik”


Xəstaxanasız, işıqsız Azərbaycan kəndlisinin etirazı

 

 

“Qısa zamanda...”

Qəribli kənd icra nümayəndəsi Allahyar Rəhimov isə şikayətlərə cavab olaraq bildirib ki, kəndin transformatoru təmirdədir. Təmir bitənəcən kənd başqa transformatorla təmin olunacaq.

"Azərişıq"ın Tovuz rayonu şöbəsinin rəhbəri Zöhrab Paşayev isə bildirib ki, xarab transformator təmir üçün Gəncəyə, oradan da Bakıya göndərilib:

“ Hazırda təmir işləri gedir. Qısa zamanda transformator sakinlərin ixtiyarına veriləcək və işıq problemi həll ediləcək".azadliq.org/

 

Google+ WhatsApp ok.ru