Xəstəxanalara ayrılan milyonlar üç istiqamətdə mənimsənilib

2015-ci ildə bir neçə səhiyyə müəssisələrində audit tədbirləri həyata keçirib. Hesablama Palatası ötən il Respublika Neyrocərrahiyyə Xəstəxanası, Mingəçevir və Lənkəran şəhərinin, həmçinin Göygöl və Quba rayonlarının mərkəzi rayon xəstəxanaları və onların tabeliyində olan tibb müəssisələrinin fəaliyyətini  yoxlayıb.  Monitorinq zamanı təqribən 65.7 milyonluq büdcə vəsaitinin necə istifadə olunması yoxlanılıb. 
 
Əhatə olunmuş vəsaitin əsas hissəsi, başqa sözlə desək, 96.5 faizi cari xərclərə yönəlib. Cari xərclərin tərkibində isə əməktutumlu xərclər böyük xüsusi çəkiyə malik olub. Belə ki, əhatə olunmuş dövrdə obyektlər üzrə cari xərclərin 55-85 faizi əməktutumlu olub. 
 
Hesablama Palatası nəzarət obyektlərində müəyyən edilən nöqsanları aşağıdakı kimi qruplaşdırır.
Birincisi, nəzarət obyektlərində əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi halları müəyyən olunub. Ümumiyyətlə, əmək haqqının ödənilməsi ilə bağlı xərclər auditlə əhatə olunmuş dövrdə səhiyyə müəssisələrinin cəmi xərclərinin 61.7 faizini təşkil edib. Audit zamanı müəyyən edilib ki, nəzarət obyektlərində əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və bir sıra icra göstəriciləri arasında bəzi uyğunsuzluqlar var. Məsələn, Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməyin ödənilməsi ilə bağlı büdcədə təsdiq edilmiş rəqəmlə icra olunmuş vəsait arasında 3 faizlik fərq yaranıb. Hətta Lənkəran Mərkəzi Rayon Xəstəxanasında bu fərq 18.2 faizdir. Yəni həmin vəsait büdcədən tam olaraq ayrılmasına baxmayaraq, xəstəxana rəhbərliyi onun icarsını bu cür həyata keçirib.
 
Yoxlama zamanı məlum olub ki, hər il proqnozlaşdırma prosesində kifayət qədər vakant yerlərinin mövcudluğunun nəzərə alınmamasının son nəticədə artıq əmək haqqı məbləğlərinin ödənilməsinə şərait yaratdığını göstərir. 
 
İkinci "yeyinti" halı dərmanlarla bağlı aşkar olunub. Belə ki, audit zamanı yerli xərclərdən maliyyələşən səhiyyə obyektləri tərəfindən alınmış bəzi dərman preparatlarının qiymətinin Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınan və eyni ölkələrin istehsalı olan dərmanların qiymətlərindən bir sıra hallarda baha olduğu müəyyən  edilib. 
 
Eyni zamanda səhiyyə obyektlərində aparılmış nəzarət tədbirləri ilə ərzaqla bağlı vəsaitlərin istifadəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Ərzaq xərclərinin ödənilməsi zamanı "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən normalardan artıq ərzaq xərcinə yol verilməsi, təsdiq edilmiş ərzaq siyahısında adı olmayan ərzaq məhsullarının alınması, həmçinin çarpayı sayından artıq ərzaq xərcinə yol verilməsi halları aşkar edilib.
 
Nəzarət tədbirlərinin nəticələri səhiyyə obyektlərində bir çarpayı gününə düşən vəsaitin məbləğində nəzərəçarpacaq fərqlərin mövcud olduğunu göstərir. Yuxarıda qeyd olunan nöqsanlar nəticəsində bir çarpayı gününə düşən dərman xərclərinin nəzarət obyektləri üzrə məbləğinin 0.7 manatdan 2.4 manatadək, ərzaq xərclərinin isə 1.3 manatdan 5.4 manatadək dəyişdiyini göstərir. Dərman xərcləri üzrə ən yüksək göstərici Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, ərzaq xərclərinə görə isə Quba Mərkəzi Rayon Xəstəxanasına aid olub. 
 
Təhlil həmçinin şəkərli diabet xəstələrinin sayının dəyişməsi ilə bu xəstəlik üçün ayrılmış dərman xərclərinin məbləğinin də uyğun olmadığını göstərir. Belə ki, bəzi səhiyyə müəssisələri üzrə xəstələrin sayının artmasına baxmayaraq, şəkərli diabet xəstələri üzrə dərman xərclərinin azaldığı, bəzi müəssisələrdə isə artım və azalmaların xəstə sayına müvafiq olmadığı müəyyən edilib. 
Müəyyən olunmuş nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərin nəticələri barədə Mingəçevir şəhər xəstəxanası tərəfindən təqdim edilən məlumatda 47.6 min manat məbləğində vəsaitin dövlət büdcəsinə və çatışmayan 3.7 min manat dəyərində tibb avadanlığının natura qaydasında bərpa olunduğu bildirilir. Artıq saxlanılan 3 ştat vahidinin ləğv olunduğu, mühafizə şöbəsinə artıq ödənilən 4.5 min manat məbdəğində vəsaitlə bağlı qarşılıqlı üzləşmə aktının tərtib edildiyi qeyd olunub. Məlumatda, həmçinin 2 mühasibin işdən azad edildiyi, 2 mühasibə şiddətli töhmət verildiyi və baş mühasibə xəbərdarlıq elan olunduğu bildirilir.
 
Respublika Neyrocərrahiyyə xəstəxanası tərəfindən 28 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edildiyi göstərilir. Həmçinin əməyin ödənilməsi ilə bağlı mövcud nöqsanların aradan qaldırılması və bu nöqsanlara bir daha yol verilməməsi məqsədilə müvafiq tədbirlər görüldüyü bəyan edilib. 
 
Göygöl rayon xəstəxanasının məlumatlarında 7.3 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edildiyi, 9.7 min manat dəyərində mal-materialların müvafiq sənədlər əsasında paylanıldığı, 34.5 min manat artıq amortizasiya məbləğinin uçota alındığı, müəyyən olunan digər nöqsanlarla bağlı fəaliyyətin gücləndirildiyi qeyd edilir. 
 
Quba rayon xəstəxanası isə dövlət büdcəsindən oğurlanan vəsaitin 28.4 min manatı bərpa etdiyini, 5 min manat dəyərində təmir işlərinin yerinə yetirdiyini, 87 min manatlıq çatışmayan avadanlığın natura formasında bərpa etdiyini, 39 min manat dəyərində mal-materialındakı "yeyintini" uçota aldığını qeyd edib. 
 
Lənkəran Mərkəzi Rayon Xəstəxanası tərəfindən təqdim edilən məlumatlarda 31 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edildiyi bildirilir. 
 
Bütün bu qanunsuzluq faktlarına görə cəzalandırma isə yalnız bəzi işçilərə töhmət verilməsindən ibarət olub. (bizimyol.info)

Google+ WhatsApp ok.ru