Xalid Bağırov: `Normal hökumətlər Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırlar və onu icra edirlər`

Azərbaycanda həbsdə olan bir çox vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər və insan haqları müdafiəçiləri ilə bağlı Avropa Məhkəməsində iş aparılır. Onların bəzilərinin dərhal azad edilməsi ilə bağlı qərarlar çıxsa da hökumət bu qərarlara etina etmir. Bu baxımdan, Avropa Məhkəməsinin çıxması gözlənilən qərarları ilə bağlı hökumətin atacağı addımlar ciddi maraq doğrurur.
 
Vəkil Xalid Bağırov Deyerler.org-la fikirlərini bölüşərkən bildirib ki, Avropa Məhkəməsinin gözlənilən qərarları ilə bağlı hansı addımların atılacağını indidən söyləmək olmaz: “Apardığım bütün işlərdə kommunikasiyalar bitib. Qərarları gözləyirik. Hilal Məmmədov, Rəsul Cəfərov, İntiqam Əliyev, Yunuslar ailəsi kimi, məhbusların işlərində yazışmalar bitib. Artıq Avropa Məhkəməsi adı çəkilən işlərlə bağlı qərarlar verməlidir. Yəqin ki, yaxın günlərdə qərarlar veriləcək.
Amma bu məhkəmənin qərarlarının icrasının hansı dərəcədə həyata keçirləcəyi ilə bağlı heç bir şey demək olmaz. Avropa Məhkəməsinin qərarlarının icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Azərbaycanda həqiqətən də analoqu olmayan bir hökumət var. Yəni, ağlına nə gəlirsə onu da edir.
Normal hökumətlər Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırlar və onu icra edirlər. Bu baxımdan Avropa Məhkəməsinin gözlənilən qərarları ilə bağlı hökümətin hansı addımların atılacağını indidən söyləmək olmaz. Ümumiyyətlə, ola bilər ki, qərar çıxmadan məhbuslar azad edilə bilər. Yəni, bütövlükdə hökumətin atacağı addımları proqnozlaşdırmaq mümkün deyil”./
 

Google+ WhatsApp ok.ru