`Yaman` günə heç nə yoxdur

`Yaman` günə heç nə yoxdur

"Exo" qəzetində "Azərbaycanlılar "yaman" günə pul yığa bilmirlər" sərlövhəli məqalə diqqət çəkir.
 
İqtisadçı Vüqar Bayramov əhlinin maddi durumunu qəzetə belə anladıb: "İndi insanların xərcləri artıb, bəzən pul yığmaq istəyirsən, amma hər şeyin bahalanmasına səbəb olan manatın məzənnəsinin kəskin düşməsi buna imkan vermir. Orta statistik azərbaycanlının demək olar ki, bütün maaşı ən zəruri ehtiyacların ödənilməsinə sərf edilir. Devalvasiyaya qədərki dövrdə hətta orta həddən aşağı maaş alanlar belə, müəyyən qədər "arxa"ya pul ata bilirdilər. İndi bu, artıq mümkün deyil".
 
İqtisadçı hesab edir ki, qiymətlər bahalaşsa da, əhalinin gəlirləri artmayıb. Onun deməsinə görə, əvvəllər sadə insanlar da xaricə istirahətə getməyə pul yığa bilirdi: "Bu gün maaşı 500 manatdan yuxarı olanlar ancaq ölkənin regionlarına səfər edə bilirlər. Düzdür, ölkə regionlarında istirahət qiymətləri ucuz deyil. Amma onsuz da bahalaşmış aviabiletə pul vermək lazım gəlmir. Əvvəllər avtomobillərini müntəzəm dəyişən vətəndaşlar bu gün onu edə bilmirlər. Daşınmaz əmlak almırlar, bunlar isə əmlak bazarında da durğunluq yaradıb".
 
Başqa bir ekspert Seyfəl Əliyev isə qəzetə deyib ki, 2015-ci ildən başlayan böhran dövründə əhalinin aylıq xərclərinin strukturu əhəmiyyətli dərəcədə dəyişib: "Ərzaq malları xərcləri vətəndaşların əsas xərcləri olaraq qalır. 500 manat maaş alan işçinin pullarının 80 faizi ən zəruri ərzaq mallarının alınmasına gedir. Qalan 20 faiz isə nəqliyyata və kommunal xidmətlərə yönəldilir. Bu, olduqca narahatedici göstəricidir. Bu o deməkdir ki, əgər qida xərcləri artırsa, deməli, ölkədə insanların durumu daha da ağırlaşacaq". /

Google+ WhatsApp ok.ru