YAP-ın namizədlər siyahısı daşa dirənib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov təmsil etdiyi partiyanın namizədlər siyahısının sentyabrın 10-da açıqlanacağını bəyan etmişdi. Bu müddətin üzərindən artıq 5 gün keçib. Lakin hələ də YAP namizədlər siyahısını açıqlamayıb. Bunun səbəbləri barədə mətbuatda, o cümlədən “Azadlıq” qəzetində çox yazılıb.
Bununla bağlı hakim partiyada ciddi gərginlik yaşandığı barədə məlumatlar verilib. Qeyd edilib ki, uzun illər hakimiyyətə xidmət etmiş YAP-çıların indi iddialarını ortaya qoyduğu, bir neçə dəfə deputat olanların və vəzifəli deputatların da iddialarından geri çəkilmək istəmədikləri hakim partiyanı çətin vəziyyətə salıb.
Məlumatlara görə, artıq rektor-deputatlara seçim etmək tapşırılıb. Onlardan bəziləri mandatı, bəziləri isə rektor postunu seçib. Lakin bununla da problem həllini tapmayıb.
Dünən əldə etdiyimiz məlumatlara görə, YAP-ın namizədlər siyahısının açıqlanmamasının bir səbəbi də növbəti dəfə mandat veriləcək hökumətyönlü deputatların dairələri ilə bağlı yaranmış problemdir. Məsələ burasındadır ki, həmin deputatlar seçicilərin problemləri ilə maraqlanmayıb. Hakim partiyadakı mənbə bildirir ki, iqtidar sosial vəziyyətin ağır və narazılığın pik səviyyədə olduğu bir vaxtda onları yenidən həmin dairələrə göndərməyə ehtiyat edir. Həmin deputatların dairələrinin dəyişdirilməsi prosesi gedir. Eynilə icra başçılarının yerdəyişməsi kimi deputatların da dairələri dəyişdirilir. azadliq.info /
 

Google+ WhatsApp ok.ru