Yuxarı siniflərdə yeni din fənni tədris oluna bilər

Bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümumtəhsil məktəblərində şagirdlərə dini biliklərin tədris olunmasının genişləndirilməsini və yuxarı sinif şagirdləri üçün dini biliklərin fənn və ya kurs kimi keçilməsi istiqamətində fikirlər səsləndirib. O bildirirdi ki, bununla bağlı TəhsiL Nazirliyi ilə də danışıqlar aparılır.  
Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda səmavi dinlər, onların mahiyyəti, islam dininin görkəmli şəxsiyyətləri haqda məlumatlar ümumtəhsil məktəblərinin I - IX  siniflərində tədris olunan "Həyat bilgisi" fənninin daxilində öyrədilir.
Eyni zamanda, ədəbiyyat və digər fənlər üzrə müvafiq tədris materiallarının məzmunu da  dinlərin təlqin etdiyi mənəviyyatla bağlı məsələlərin şagirdlərə çatdırılması və izahına imkan yaradır.
  Komitə sədri bildirirdi ki,  Təhsil Nazirliyinin mütəxəssisləri ilə söhbətlər zamanı belə bir ümumi nəticə hasil olub ki, "Həyat bilgisi" dərsliyində bu proqram bir az da genişləndirilməli və daha geniş bilgi verilməlidir: "Ola bilsin ki, orta məktəblərdə, xüsusilə yuxarı sinif şagirdləri üçün, məsələn, "Dünya dinləri" fənni tədris olunsun.
Bu ad şərtidir və fənnin adı "Dünya dinləri və mədəniyyət", "Din və mədəniyyət", "Din və cəmiyyət" və başqa da ola bilər. Fənn 6 ay və ya 1 il ərzində fənn və ya kurs kimi tədris oluna bilər. Burada söhbət yalnız İslamın tədrisindən getmir. İstəyirik ki, yuxarı sinif şagirdləri İslam, xristianlıq, iudaizm, bütpərəstlik, o cümlədən hər bir dindəki radikal qruplar, cərəyanlar, onları yaradan səbəblər, nəticələri və fəsadları barədə ətraflı bilgi əldə etsinlər. Bunlar din haqqında olmaqla yanaşı, həm də dünyəvi və şagirdlərə həyatları boyu lazım ola biləcək bilgilərdir".  / 

Google+ WhatsApp ok.ru