Yekaterinburqda erməni-azərbaycanlı dialoqu - qətldən sonra vəziyyət gərgindir

Rusiyanın Yekaterinburq şəhərində 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun ermənilər tərəfindən qətli ilə əlaqədar Sverdlovsk vilayət qubernatorluğunda Azərbaycan və Ermənistan diaspor rəhbərlərinin görüşü keçirilib.
 
Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk vilayəti üzrə sədri Şahin Şıxlinski APA-ya açıqlamasında bildirib ki, görüş vilayət qubernatoru Yevqeni Kuyvaşevin dəvəti və iştirakı ilə baş tutub.
 
Görüşdə Azərbaycan diasporunun rəhbəri kimi Ş. Sıxlınski və erməni diasporunun rəhbəri kimi “Ani-Armeniya” cəmiyyətinin sədri Masis Nazaryan iştirak ediblər. Ş. Şıxlıinski deyib ki, M. Nazaryan ermənilərin bu hadisədən ciddi narahat olduqlarını və qətli törədənlərin dərhal cəzalandırılmasını istədiklərini nəzərə çatdırıb: “Qubernator Kuyvaşev bizə bildirdi ki, bu hadisənin istintaqı şəxsən özünün nəzarəti altındadır və cinayətkarlar tezliklə obyektiv şəkildə mühakimə olunacaqlar".
 
Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqdakı kafelərin birində baş vermiş insident zamanı bıçaqlanaraq öldürülüb. Hadisəni törədənlər qaçıblar. Araşdırma zamanı məlum olub ki, cinayəti törədənlər Tiqran və Andranik Çiçakyan qardaşlarıdır. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlasalar da, daha sonra onlardan 4-ü sərbəst buraxılıb. Bir nəfər barəsində axtarış elan edilib. T. Çiçakyan barəsində cinayət işi başlanıb. 

Google+ WhatsApp ok.ru