Yeni bahalaşma

Yeni bahalaşma

“Yeni Müsavat” qəzetində “Yaz bahalanması başlandı” sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda ölkə bazarlarındakı növbəti bahalaşmanın səbəbləri ekspert Natiq Cəfərli ilə təhlil edilib.
 
Müəllif yazır ki, dolların məzənnəsi nisbətən aşağı düşsə də ölkənin pərakəndə satış nöqtələrində məhsulların qiyməti ucuzlaşmır:
“Ancaq əvvəlki qiymətlə müqayisədə hər bir məhsulun qiymətində 20-30 qəpik bahalaşma müşahidə edilir. Məsələn, əvvəl 70 qəpiyə olan türk “peçenye”sı indi 1 manatadır. Rusiyadan gələn məhsulların da qiymətində 20-30 qəpik bahalaşma var. Qatılaşdırılmış süd əvvəl 1 manat 20 qəpik idisə, indi 1 manat 30 qəpiyə satılır”.
 
Müəllif vurğulayır ki, kənd təsərrüfatı məhsullarının da qiymətində bahalaşma müşahidə olunur. Pomidor 4 manat 70 qəpik -5 manat, xiyar 2-3 manat arası, badımcan 2 manat 70 qəpik - 4 manat arası, bibər 5 manat, lobya 6 manat, alça 5-6 manat, çiyələk 6 manata satılır.
 
Müəllifin bildirməsinə görə, əvvəllər bahalaşmaya məhsulların dollarla alınması səbəb göstərilirdi. İndi isə satıcılar hər hansı bir izahat vermir.
 
İqtisadçı ekspert Natiq Cəfərli qəzetə deyib ki, bahalaşmanın iki səbəbi var:
“Bunun birinci səbəbi nə qədər qəribə səslənsə də, psixoloji amildir”.
 
Ekspert izah edir ki, bu gün manatla satılan məhsulun dəyərini geri almaq və bundan sonra onu valyutaya çevirmək müəyyən zaman alır.
 
N. Cəfərliyə görə, ikinci səbəb gömrükdə rəsmiləşmənin ciddiləşməsi ilə bağlıdır:
“Əvvəllər keçirilən malların müxtəlif vasitələrlə rəsmiləşdirilməsində problemlər var idi. Rəsmiləşdirmə həyata keçirilmirdi. İndi demək olar ki, Azərbaycana gətirilən bütün məhsulların rəsmi qaydada qeydiyyata alınması prosesi baş tutub. Bu da vergi rüsumlarının qiymətlərin üzərinə gəlməsinə səbəb olur. Bu nöqteyi-nəzərdən gömrükdə baş tutan rəsmiləşdirmə qiymət bahalaşmasına səbəb olan əsas faktorlardan birinə çevrilib”. /

Google+ WhatsApp ok.ru