Yeni cəza evləri tikilir

Yeni cəza evləri tikilir

"Exo" qəzetində "Hüquq müdafiəçisi: Azərbaycan həbsxanaları həddən artıq yüklənib, yeniləri lazımdır" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalovun fikirlərinə yer verilir.
 
"Keçən il həbs olunanların sayı yol verilən limitə çatmışdı. Amma parlament bu həddi azalda bildi (hüquq müdafiəçisi son Amnistiya aktının qəbul edilməsini nəzərdə tutur). Bu isə müvəqqəti idi. Yeni həbsxanalar lazımdır. Əks halda cəza siyasəti dəyişməlidir", -deyə o qeyd edib.
 
E.Zeynalov hesab edir ki, yalnız ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzaları verilməlidir.
 
Hüquq müdafiəçisi deyib ki, həbsdə olan qadınların şəraitləri həddən artıq pisləşib. Son bir neçə ildə onların sayı 500-ü keçib: "Bu isə o deməkdir ki, yataqxanalarda yaşayış sahələri azalıb, münaqişələr artıb".
 
E.Zeynalov deyib ki, qadın və yeniyetmələrdən ötrü Kürdəxanı qəsəbəsində cəzaçəkmə müəssisəsi tikilir. Bundan sonra şəraitin dəyişəcəyinə ümid edir.
 
E.Zeynalov həbslərin artmasına səbəb kimi ölkədəki iqtisadi böhranı göstərir. Onun deməsinə görə, bəzi işsizlər kəndə qayıtmaqdansa şəhərdə qalıb cinayətlər törətməyə üstünlük verirlər: "Görünür, dələduzluq və oğurluq daha "cəlbedicidir". Odur ki, son illər dələduzluq, soyğun, oğurluq, sui-istifadə, rüşvət, vergidən yayınma kimi cinayətlər artıb". /

Google+ WhatsApp ok.ru