Yerdə istilik rekord həddi aşıb

Yerdə istilik rekord həddi aşıb

Sakit okeandakı buylar daxil olmaqla, minlərlə yerüstü monitorinq stansiyalarının məlumatına əsasən, 2019-cu ilin iyul ayı bütün müşahidələr tarixi boyu planetin ən isti ayı olub.
 
Bu barədə "The Washington Post" yazır.
 
İqlimin monitorinqi və tədqiqatı ilə məşğul olan "Berkeley Earth" təşkilatı bildirir ki, iyul ayı 2016-cı ilin avqustundakı rekordu 0,08 dərəcə keçərək yeniləyib.
 
"Copernicus" iqlim dəyişikliyi üzrə xidmətin məlumatına görə, iyul bütün digər aylardan daha isti keçib, hərçənd öncəki rekordu çox da aşmayıb. Okean və atmosfer tədqiqatlarının milli idarəsinin (NOAA) bildirdiyinə görə, planetin səthinin orta qlobal temperaturu bütün XX əsr ərzindəki orta temperaturdan 1,71 dərəcədə yüksək olub.
 
Mütəxəssislər qeyd edirlər ki, Sakit okeanın tropik hissəsində artıq El-Ninyo - suyun üst qatının temperaturunun dəyişməsi müşahidə olunmur. 2016-cı ildə bu dəyişikliklər rekord temperatur səbəblərindən biri olmuşdu. Başqa sözlə, 2019-cu ilin istiləri təbii proseslərlə yox, demək olar ki, tamamilə qlobal istiləşmə ilə bağlıdır. /oxu.az
 

Google+ WhatsApp ok.ru