Yumor silahdır - NATO

Yumor silahdır - NATO

"Yumor ciddi şeydir. Mən onu bizim ən zəngin və ən qədim təbii ehtiyatımız hesab edirəm. Bu ehtiyatı nəyin bahasına olur, olsun, qorumalıyıq". Amerikalı yumorist, karikaturaçı və satirik James Thurber belə deyirmiş.
 
Strateji ünsiyyət, təbliğat vasitəsi kimi yumordan istifadə etmək olar. Necə? NATO-nun Strateji Kommunikasiya Təlim Mərkəzi bu suala professor Zaneta Ozolina-nın başçılıq etdiyi araşdırma qrupuyla birgə cavab tapmağa çalışıb.
 
 
3 YÖNDƏ ARAŞDIRMA APARILIB
Tədqiqatçılar yumorun ünsiyyətdə rolunu öyrənməkdən ötrü xüsusi struktur yaradıblar və həmin struktura uyğun olaraq 3 yöndə araşdırma aparıblar.
 
Birinci qrup Rusiyanın «Pervıy kanal»ının gecə şoularını, daha doğrusu, bu şoularda qərbli siyasətçilərin qaralanmasını tədqiq edib, milli və beynəlxalq auditoriyaya ünvanlanmış təbliğatda yumordan istifadəni öyrənib.
 
İkinci qrup Rusiyada, eləcə də keçmiş Sovet məkanında 1970-ci illərdən məşhur olan KVN-in (Şən və Hazırcavablar Klubu) şoularını nəzərdən keçirib.
 
Üçüncü qrup isə Ukrayna mətbuatının Rusiyanın müdaxiləsi dövründə həmrəylik üçün yumordan, rusları qaralamadan istifadəsi hallarını öyrənməyə çalışıb.
 
Və bütün bu araşdırmaların sonucunda yumordan strateji kommunikasiyada effektiv vasitə kimi yararlanmağı öyrədən maraqlı vəsait hazırlanıb.
 
 
ÜNSİYYƏTİ GÜCLƏNDİRƏN VASİTƏ
Tədqiqatçılar yazır ki, Rusiya Krımı ilhaq edəndən və Ukraynanın şərqindəki separatçıları münaqişəyə çəkəndən sonra insanların beynini və ürəkləri fəth etmək sosial elmlərlə məşğul olanları ən çox düşündürən mövzulardan birinə çevrilib.
 
V.Putin KVN-nin şousunda.
V.Putin KVN-nin şousunda
 
 
Sən demə, şoularda istifadə edilən zarafatlar, qərbli diplomatların haqqında lətifələr, məqalələr, gülməli şəkil və videolar auditoriyayla ünsiyyəti gücləndirən effektiv təbliğat vasitəsi imiş. Və Rusiya Kremlin siyasətinə, Qərblə bağlı addımlarına dəstək qazanmaqdan ötrü bu vasitədən yararlanırmış.
 
Tədqiqatçılar yumordan daxili auditoriyanı rahatlamaq, stressdən azad etməkdən ötrü də istifadə edildiyini ortaya çıxarıblar. Beləliklə, yumorun getdikcə daha güclü, çoxşaxəli və mükəmməl strateji ünsiyyət vasitəsi olduğunu öyrəniblər.
 
 
YUMORUN GÜCÜ
Yumordan həm dövlət adamları, həm də başqaları kimisə əyləndirmək, rahatlamaq və diqqəti çəkmək, münaqişələr, yaxud narazılıq olanda diversiya, ya da hansısa siyasətçinin hərəkətini yumşaltmaq məqsədiylə yararlanlıblar.
 
Tədqiqatçılar deyirlər ki, yumorun gücü onun insanın qəlbinə asanlıqla yol tapması, beyinə daha yaxşı nüfuz edə bilməsindədir. Məhz buna görə yumor bütün digər klassik təbliğat vasitələrindən fərqlənir.
 
İnformasiya müharibəsinin, hibrid müharibənin, təbliğatın, humanitar silahlardan istifadənin faydasından danışan çoxlu tədqiqat materialları var. Bu vəsait isə yumorun gücündən bəhs edir.
 
Tədqiqat müəlliflərinin dediyinə görə, araşdırmanın nəticələrindən müxtəlif sahələrdə yararlanmaq olar. Vəsait həm də bu sahədə yeni araşdırma aparmaq istəyənlər, ya da müxtəlif sahələrdə fəaliyyət göstərən və təcrübə aparan şəxslərdən ötrü maraqlı struktur təklif edir. (azadliq.org) /

Google+ WhatsApp ok.ru