Zabrat gölünü daşıran səbəblər: Bakı İstintaq Təcridxanası, “Armada” hoteli son anda batmaqdan qurtulub

Zabrat gölünü daşıran səbəblər: Bakı İstintaq Təcridxanası, “Armada” hoteli son anda batmaqdan qurtulub

Zabrat gölünün ətrafında su ötürücüləri tutulub, sular idarə olunmur. Gölün ətrafındakı yaşayış evlərinin də sayı artıb. Yağış, qrunt, kanalizasiya suları hamısı gölə axıdılır. İllərlə gölün çıxarı olmayıb, buna görə də gölün səviyyəsi hər il bir qədər də artıb. 2009-cu ildə gölün yuxarı tərəfində Bakı İstintaq Təcridxanasını tikiblər. Sonradan ərazidə bir hotel də inşa olunub. Hotelin adını sahibləri “Armada” qoyublar.
 
Armada ən böyük donanma deməkdir. Bir neçə gün əvvəl gölün sahillərinin aşıb-daşmasının qarşısının alınması üçün görülən tədbirlər sona çatıb. Odur ki, ən böyük donanmanın adını daşıyan hotelin Zabrat gölünün sularında qərq olması ehtimalı da aradan qalxıb. 
 
Gölə axıdılan kanalizasiya sularının üfunətindən burda dayanmaq olmur. Yayda vay “içəridəki”lərin halına. Hotelə bir dəfə gələnlər çətin ki, bura bir də yol salarlar...
 
Qış aylarında, şaxtalı-qarlı havada təcridxananın iki addımlığında yerləşdiyi Zabrat gölünün suyu da aşıb yolu basmışdı. Bu günlərdə Zabrat gölünün yaxınlığından keçərkən fərqli mənzərə ilə üzləşdik. Yoldan su çəkilib, gölün səviyyəsi xeyli enib. Olmaya 3-5 günlük yay havası bu qədər suyu buxarlandırıb?
 
Başladıq araşdırmağa. Gölün yaxınlığındakı sakinləri danışdırdıq.
 
Rafiq Məmmədquliyev deyir ki, illərdir bu ərazidə yaşayır. Zabrat gölünü heç vaxt bunca az sulu görməyib: “Qışda su az qalırdı ki, təcridxananı da, ”Armada" hoteli də batırsın. Qəzetlər yazdı, telekanallar da çəkib göstərdilər. Bu yaxınlarda gölü suötürücü kanala birləşdirdilər. Həmin kanallar sovet vaxtında da vardı. Sonra ətrafdakı torpaqları satdılar, suötürücü kanalları da doldurub bağladılar. Günümüz evimizin zirzəmisində su daşımaqla, nasos quraşdırmaqla keçirdi. Deyirdik ki, ev-eşiyimiz də, türmə də, hotel də, yaxınlıqdakı qəbiristanlıq da Zabrat gölünün sularında itib-batacaq. Şükür axır ki, bir çarə qılan tapıldı. Yolu qazdılar, beton suötürücüləri düzüb qoşdular. 2 günün içində gölün suyu çəkilib getdi".
 
Qeyd edək ki, Zabrat gölündəki durumun ağırlığını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev də dilə gətirmişdi. Demişdi ki, göldə suyun səviyyəsi o qədər artıb ki, İstintaq Təcridxanası ilə gölün arasında 100 metrə qədər məsafə var. Yüksəkgərginlikli elektrik, rabitə xətləri suyun içərisində qalıb. Bununla yanaşı, Təcridxanaya gedən yol da tam təhlükə qarşısındadır. Gölün suyu ləpələndikcə sahə genişlənib. Yarğan tam olaraq yola dirənib. Ələmdar Piriyev çıxış yolunu ərazidəki əvvəlki kanalların bərpasında gördüyünü də açıqlamışdı. Rafiq Abbasov deyir ki, artıq həmin kanallar bərpa olunub deyə yaxınlıqdakı qəbiristanlıqdan da sular çəkilib: “Zabrat qəsəbəsi Bakının bol şirin su quyuları olan kəndlərindəndir. Kəndin quyularından çıxan suyu vaxtilə borularla rəhmətlik Hacı Zeynalabdin Tağıyev şəhərə çəkdirmək istəyib. İndi Bakının su problemi yoxdur. Hər tərəfə Oğuz-Qəbələ zonasından su gəlir. Quyular da istifadəsiz qalıb aşıb-daşır. Bu tərəfdən də Bakıya, Bakı ətrafı kəndlərə rayonlardan köç edənlər çox oldu. Zabrat gölünün ətrafı əvvəllər yaşıllıqlar idi, balıq tutanların sevimli məkanı idi bura. İndi hər tərəf boz evlər, təcridxana, nə bilim hoteldir. Bütün bu ev-eşiyin, təcridxananın, Zabrat qəsəbəsinin kanalizasiyası, çirkab suyu da gölə axır. Qəbiristanlıq çirkab suların altında qalmışdı. Bir ara dedilər ki, təcridxana divarlarında da çatlar əmələ gəlib. Daha haralara yazmamışdıq? İllərdir yazırdıq ki, bir əncam çəkin. 10-15 gün əvvəl işə başladılar, borular basdırdılar. 1 gün yolda hərəkəti də saxladılar. İndi gölün suyu axıb gedir. Deyirlər ki, Zabrat gölünü Abşeron-Samur su kanalı ilə birləşdiriblər. Gölün suyu axıb gedir kanala, kanal da Xəzərə tökülür”.
 
Sakinlər göldə suyun səviyyəsinin qalxmasının bir neçə il əvvəl çəkilmiş magistral yola da təsir göstərdiyini deyirlər. Onların sözlərinə görə, yollarda çatlar əmələ gəlib, kommunikasiya xətləri, qaz ötürücü borular bu gün də suyun içindədir. “Həmin xətlər, borular gölün bir neçə yüz metrliyi ilə çəkilmişdi. Sonradan göl daşdı, xətlər, borular da suyun içində itib batdı”. (musavat) /
 
masazir.jpg (53 KB)

Google+ WhatsApp ok.ru