Zaqatala və Balakəndə güclü külək fəsadlar yaradıb

Sentyabrın 4-dən 5-nə keçən gecə ölkənin şimal-qərb bölgəsində - Zaqatala və Balakən rayonlarında güclü külək və yağış müşahidə olunub. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, güclü külək nəticəsində hər iki rayon mərkəzində və bir neçə yaşayış məntəqələrində güclü külək bir sıra  yaşayış evlərinin və sosial obyektlərin dam örtüyünü uçurub, yol kənarında iri gövdəli ağacları aşırıb.
 
Ağacların qırılması səbəbindən hər iki rayonda elektrik naqillər sıradan çıxıb və bu səbəbdən rayon mərkəzləri daxil olmaqla bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.  
 
Hazırda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür.
 
Bölgədə qeyri-sabit hava şəraiti davam etməkdədir.  

Google+ WhatsApp ok.ru